04 noyabr 2022 17:11
816

2023-cü ildə daha 140 yaşayış sahəsi qazlaşdırılacaq FOTO

Noyabrın 4-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

TədbirdəBirliyin  Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhiyəddinov  və Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev jurnalistlərin suallarını cavablandırıblar.

Rövşən Məhiyəddinov bildirib ki, 2023-cü ildə Birlik tərəfindən  smart-kart tipli sayğacların satın alınması nəzərdə tutulmayıb:  « Bu, o deməkdir ki, gələn il quraşdırılan sayğaclar ancaq mexaniki tipli olacaqdır.İlkin hesablamalarımıza görə gələn il daha  455 min sayğac yenisi ilə əvəz olunacaqdır.»

Şöbə rəisi bildirib ki, 2022-ci ilin  yanvar-oktyabr aylarında əhali qrupu üzrə abonentlərin 60 faizi aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib. Onun fikrincə, bu göstəricinin əldə edilməsində təbii qazdan qənaətlə istifadə olunması  mühüm rol oynayıb: «Qənaətlə istifadə etmək dedikdə  mənzildə olan istilik cihazlarını söndürərək soyuqda oturmaq nəzərdə tutulmur. Burada söhbət ilk növbədə, müasir və qənaətcil qaz qurğularının quraşdırılmasından gedir.»

Birliyin Şikayətlərin araşdırılması  şöbəsinin rəisi İbrahim Kərbalayev  ölkə üzrə həyata keçirilən qazlaşma prosesi barədə məlumat verib. Bildirib ki, cari ilin doqquz ayında 114 kənd və yaşayış massivində qazlaşma aparılıb. İlin sonunadək onların istifadəyə verilməsi planlaşdırılır.  2023-cü ildə isə daha 140 yaşayış sahəsinin qazlaşdırılması həyata keçiriləcək. Artıq qazlaşdırılacaq ərazilərlə bağlı layihə və smeta sənədləri hazırdır. 

Elçin Zaman, «İki sahil»