11 noyabr 2022 12:06
885

“Azəriqaz”: Hazırda Bakıda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur

"Hazırda Bakı şəhərində təbii qaz təchizatı ilə bağlı heç bir problem yoxdur".

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismar İdarəsinin rəisi Rauf Əhmədov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, “Azəriqaz”ın qaz təchizatını təmin edə bilməyəcək hər hansı bir ərazi və hər hansı bir nöqtə yoxdur.

İdarə rəisi bildirib ki, “Azəriqaz” payış-qış mövsümünə hazırlıq işlərinə may ayında başlayıb: “Noyabr ayına isə bir neçə tamamlanma işləri qalıb ki, onlar da bu ay ərzində tam olaraq yekunlaşdırılacaq”.

O qeyd edib ki, havalar soyuyandan sonra noyabrın ilk həftəsində qaz təchizatında qazın təzyiqinin zəif olması ilə bağlı 1 744 şikayət qəbul edilib: “Bununla bağlı dərhal tədbirlər görülüb. Hazırda gündəlik bu xarakterli şikayətlərin sayı 100-150 arasındadır. Şikayətlər günbəgün azalmaqdadır və azalan templə davam edir. Bakı şəhərində hazırda 1 milyon 180 min abonentə xidmət göstəririrk. Şikayətlərin olması normal haldır və bütün problemlər aradan qaldırılıb”.

O xatırladıb ki, ötən ilin oktyabr ayında “Azəriqaz”a qazın təzyiqinin zəif olması ilə bağlı 19 194 şikayət daxil edilib ki, bu da illik müqayisədə 5 dəfədən bir qədər azdır.