18 noyabr 2022 00:11
3321

Heç zaman eşitmədiyiniz maraqlı faktlar

Heç bilirdinizmi ki, Şimali Koreyada  insanlar həyatları boyunca cəmi 2 dəfə ad günü qeyd edirlər: 1 və 60 yaşlarında. Burada, həmçinin çox maraqlı adət-ənənələr var.  Yeni doğulan uşağın yastığının altına düyü qoyulur. Uşaq 100-cü gününə  çatanda o düyülər  bişirilir və həmin günə evə qonaq gələn insanların qarşısına qoyulur.

İspaniyalı alimlər qarnı üstə yatmağın insan orqanizminə zərərli olduğu qənaətinə gəliblər. Yerli mətbuatın yazdığına görə, alimlər qarnı üstə yatmağa üstünlük verən insanlarda daxili orqanların sıxıldığını, bunun xüsusilə sidik kisəsinə zərər verdiyi bildirirlər. Həmçinin bucür yatmaq cinsi problemlərin yaranmasına səbəb ola bilər. Onurğa sütunu ilə bağlı problemi olan insanlar üçün isə bu cür yatmaq ikiqat ziyandır. Qadınların qarnı üstə yatması isə onların döş qəfəsində də problem yaradır döşlər sıxılır, nəticədə dəri dartılır və qırışlar əmələ gəlir. Yaponiyalı alimlər də qarnı üstə yatmağın zərərini araşdırıblar. Onların sözlərinə görə, bu, sifət dərisində qırışlar yaradır, əvvəl-əvvəl bu problem hiss olunmasa da, sonradan qırışlar daha ciddi şəkildə özünü büruzə verir. Bir sözlə, alimlər hesab edir ki, kürəyi üstə yatmaqla həm sağlamlığınızı, həm də gözəlliyinizi qoruya bilərsiniz.

Dünyada evlərin ən bahalı olduğu ölkə Monakodur. Burad evin 1m2 təxminən 60 min dollardır. Monakoda lüks ev əldə etmək üçün orta hesabla ilə təxminən 4,3 milyon avro ödəməli olacaqsınız.

İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri gözəl bədən quruluşunun düşməni deyil. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır. Mütəxəssislər müxtəlif dənli bitkilərdən hazırlanmış çörək məmulatlarının tərkibini araşdıraraq, bu qənaətə gəliblər ki, çovdar çörəyi orqanizm üçün faydalıdır. Çovdar çörəyi şəkər, ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır və insanı tez doydurur. Çovdar və arpa çörəyi qidanın həzm olunması prosesini zəiflədir və nəticədə insan uzun müddət özünü tox hesab edir. Bu dənli bitkilərdən hazırlanmış çörək həm də artıq çəkinin qarşısını alır. Mütəxəssislər onu da bildirirlər ki, digər məhsullar kimi bu çörəkləri də lazımi miqdarda yemək lazımdır.

Çox maraqlı faktlardan biri də odur ki, sən demə, qarğaların zəka səviyyəsi ən azı 7 yaşlı uşağı zəka səviyyəsindən çoxdur.

Vaşinqton Universitetinin alimi konkret şəxslə nikahın uğurlu olub-olmayacağını 100% müəyyənləşdirməyə imkan verən düstur kəşf edib. Amerika mətbuatının yazdığına görə, riyaziyyatçı professor Ceyms Mürrey bu düsturun cütlük arasında nikahın nə qədər uğurlu alınacağını 100% üzə çıxardığına əmindir. Onun sözlərinə görə, cütlüyün söhbətində özünəməxsus cəbr düsturu var və oraya mənfi 4-dən müsbət 4-dək rəqəmlər daxildir. Məsələn, o, negativ sözləri mənfi 4-lə qiymətləndirir, gülüşə səbəb olan hər hansı zarafat isə müsbət 2 xalla hesablanır. Məhz bu əsasla cütlük arasındakı söhbətləri rəqəmlərə vuraraq xoşbəxtlik ehtimalının faizini müəyyənləşdirmək mümkün olur.

Nyu-York alimlərinin apardığı araşdırma  cütlük arasında xüsusilə kişilərin pintiliyi üzündən mübahisələrin yarandığını, hətta boşanmalaradək gedib çıxdığını üzə çıxarıb. Evdə daim ətrafa atılmış corablar, köynək, qalstuk və sair qadınları qıcıqlandırır. Son sorğu isə göstərir ki, daha çox qalmaqala kişinin vanna otağındakı pintiliyi səbəb olur. Rəyi soruşulan xanımların 82%-i bildirib ki, vanna otağında səliqə-sahmana ailənin hər iki üzvü riayət etməli olsa da, kişilər bunu qulaqardına vurur. Xüsusilə, onların diş fırçasını hara gəldi atması, həmçinin diş pastasının ağzını açıq qoyması,  ətrafa tökülmüş diş pastasını təmizləməməsi xanımları son dərəcə əsəbiləşdirir. Bu məqamların boşanmaya səbəb olması hallarına heç də nadir halda rast gəlinmir.

Yaponiya dünyada qatarların gecikmədiyi yeganə ölkədir. Bu ölkədə hava limanı və dəmiryolu vağzalından başqa istənilən yerdə siqaret çəkməyə icazə verilir. Amma bir şərtlə: siqaretin külünü yerə tökmək olmaz. Bunu nəzərə alan siqaret çəkənlər özləri ilə külqabı götürürlər.

Həmçinin yaponlar onların dilində sözlər deyə bilən turistlərə böyük hörmətlə yanaşırlar. Çünki başqa millətlərin yapon dilini öyrənməyini mümkünsüz hesab edirlər.

Çox maraqlıdır ki, ictimaiyyət arasında tanınan, çoxlu sayda dostu, tanışı olan, hər kəslə dil tapmağı bacaran xanımlar daha uzunömürlü olurlar.  Sən demə, belə münasibət və ya mütəxəssislərin adlandırdığı kimi, sağlam sosial əlaqələr xanımların ömrünü nə az, nə çox - az qala 2 dəfə uzadır. Alimlər müəyyənləşdiriblər ki, çoxlu sayda insanla ünsiyyətdə olan qadınlar sağlamlıqlarının qeydinə daha çox qalmağa, özünə fikir verirlər.

İtalyanlar salatları şirniyyat olaraq istifadə edirlər. Bir çox ölkələrdə salat yeməyin yanında yeyilərkən, İtaliyada yeməkdən sonra yeyilir. Bunun əsas səbəbi yaşıllığın həzmə kömək etməsi olaraq görülür.

Samirə Tağıyeva, “İki sahil”