24 noyabr 2022 11:49
504

Kəlbəcər cənnətə çevriləcək 

Düz 27 il Kəlbəcərə qayıdacağıq dedik və  doğma yurdumuza döndük.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin misilsiz nəticələrindən biri kimi, Kəlbəcərin bir güllə belə atılmadan, bir itki belə verilmədən azadlığına qovuşduq. Bəli  haqq-ədalət bərpa olunub və Azərbaycanın ən gözəl rayonlarından biri, Kiçik Qafqazın xəzinələr diyarı, cənnəti olan Kəlbəcər azadlığına qovuşub. İndi bu füsunkar bölgənin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir, Böyük qayıdış üçün mükəmməl layihələr gerçəkləşdirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu rayona qalibiyyət səfəri etdi və elə orada da bəyan etdi ki, Kəlbəcəri cənnətə çevirəcəyik. Sözü əməli ilə bir olan Prezidentimiz Kəlbəcəri cənətməkana çevirir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı bir çox açılışları etmişdir. Kəlbəcər şəhərinin müfəssəl Baş planı da hazırlanıb. Müzəffər Ali Baş Komandan 27 illik işğal zamanı mənfur düşmənin törətdiyi vandallıqları, eyni zamanda torpaqlarımızı azadlığına qovuşduran qəhrəman ordumuzun şücaətini özündə əks etdirən Kəlbəcər Zəfər və İşğal muzeylərinin də təməllərini qoyub. Hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.Kəlbəcər Azərbaycanın ziyalılar, alimlər, saz-söz, aşıqlar diyarı kimi də məşhurdur. Elə buna görə də cənab Prezidentin göstərişinə əsasən, burada aşıq mərkəzinin inşa edilməsi də nəzərdə tutulub. "İstisu"ya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir" söyləyən cənab Prezidentin bu istəyi də artıq reallığa çevrilir.Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, "İstisu" dünyada məşhur olan Karlovı Varı bulaqlarının (Çexiya) eynidir, lakin bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.

Kəlbəcər rayonu  Azərbaycanın ən füsunkar təbiətə malik diyarlarından biri, əsl cənnətməkandır. Rayon ərazisi 30 mindən çox bulağı, 4 mindən artıq müxtəlif növ bitkisi, sahəsi 30 min hektardan çox meşələri, 4 min metrə qədər yüksəkliyi olan zirvələri, ucsuz-bucaqsız çəmənlikləri ilə mübaliğəsiz təkrarolunmaz təbiət incisidir. Bütün bu sadalanan zənginliklər Kəlbəcəri turizmin ən cazibədar ünvanına çevirməyə imkan verir. "Burada olan təbii gözəllik heç bir yerdə yoxdur" söyləyən cənab Prezident də əmin olduğunu bildirdi ki, bu zəngin bölgə həm də ən böyük turizm zonası olacaq.

Vaxtilə Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdi ki, Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur: "Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Ulu Öndərin vaxtilə qətiyyətlə səsləndirdiyi o fikirlərdəki xoşbəxtliyə yetişmişik və Kəlbəcərə rayon əhalisinin  əbədi dönəcəyi günə çox az qalıb.

Möhtərəm  Prezident İlham Əliyevin diqqət və nəzarəti altında Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib və verilməkdə davam etdirilir.

İişğal altındakı torpaqlarımızı cəmi 44 gün ərzində azadlığına qovuşduran Müzəffər Ali Baş Komandan İlham Əliyev indi də qurucu lider, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin baş memarı kimi doğma yurdlarımızın bərpa olunması və tezliklə Qarabağ əhalisinin ,həmçinin Kəlbəcər elinin illərdir həsrətini çəkdiyi əzəli torpaqlarına qovuşdurulması üçün gecə-gündüz əzmlə çalışır.

Tezliklə  Kəlbəcərimiz  ,Qarabağımız cənətməkana çevriləcəkdir.

Əntiqə Tağıyeva,

YAP Masallı rayon təşkilatı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri