24 noyabr 2022 17:34
392

Gənclər, sülh və təhlükəsizlik FOTO

ADA Universitetində bu mövzuda Beynəlxalq Tələbə Forumunun açılış mərasimi keçirildi

Noyabrın 24-də Azərbaycan Respublikasının Gənclər Fondunun və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə ADA Universitetində “Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” mövzusunda Beynəlxalq Tələbə Forumunun açılış mərasimi oldu.

Forum ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva tədbirdə çıxış edərək Şuşa şəhərinin işğal dövründə maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılması, eləcə də işğaldan sonrakı mərhələdə bölgədə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmaların aparılması ilə bağlı məlumat verdilər.

Tədbir 2 panel müzakirəsindən ibarət olmaqla, xüsusi mövzuları əhatə etdi.

İlk panel mövzusu olan “Münaqişədən sonra bərpa: Yenidənqurma, uzlaşma və sülh quruculuğu” ilə bağlı çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso, ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Fərid Quliyev və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun Regionların davamlı inkişaf problemləri şöbəsinin mütəxəssisi Şükür Quliyev, həmçinin iştirakçıların suallarını cavablandırdılar.

“Münaqişədən sonra statistika sahəsində vəziyyət: Məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası” mövzusuna həsr olunmuş və ADA Universitetinin professoru Kavus Abuşovun moderatorluğu ilə maraqlı diskussiyalar şəraitində keçən ikinci panelin qonaqları qismində Milli Məclisin deputatı Erkin Qadirli, ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Cavid Qədirov və siyasi ekspert Orxan Amaşov çıxış etdilər.

Görüş qonaqların öz təcrübələrini paylaşmaları, tələbələrin maraq dairəsinə aid olan sualların cavablandırılması, onlara verilən tövsiyələr, həmçinin ölkəmizin müxtəlif gənclər təşkilatlarının sədrlərinin mövzu ilə bağlı təqdimatlarının nümayişi ilə başa çatdı.

Qeyd edək ki, Forum əsasən xüsusi komissiya tərəfindən seçilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya və. s əlaqəli ixtisaslar üzrə təhsil alan 30 fərqli ölkəni təmsil edən, dünyanın top universitetlərində təhsil alan 40 əcnəbi və 10 yerli tələbə olmaqla 50 nəfərlik heyətin iştirakı ilə keçirilir.

Beş gün davam edəcək Forumda Şuşanın Azərbaycan tarixi və mədəniyyətindəki rolunun vacibliyindən danışılacaq, yerli və əcnəbi tələbələr sülh quruculuğu və təhlükəsizlik istiqamətində məsələləri müzakirə edəcəklər.

Cavid Əkbərov, “İki sahil”