25 noyabr 2022 19:02
568

Rusiya-Ukrayna müharibəsi "Azəriqaz"ın işinə mənfi təsir edib FOTO

Sayğaclara müdaxilə halları xeyli azalıb

Noyabrın 25-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

E Vəliyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi  «Azəriqaz» İstehsalat Birliyinin işinə mənfi təsir edib. Məhz bu səbəbdən də 2022-ci il üçün nəzərdə tututlan qazlaşdırma işləri 2023-cü ilin birinci rübündə tamamlanacaq. Onun sözlərinə görə, «Azəriqaz» 2022-ci ildə qazlaşdırma proqramı çərçivəsində nəzərdə tutulan işlərin 87 faizini ilin sonuna kimi başa çatdıracaq : «Bu il ərzində 110 kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulmuşdu. Proqram çərçivəsində oktyabr ayının axırına kimi 14 kənd və 38 yaşayış massivinin qazlaşması artıq təmin edilib. 39 kənd və 23 yeni yaşayış massivində tamamlama işləri gedir. Qalan 16 kənd və 1 yaşayış massivində isə qazlaşdırma işləri 2023-cü ilin birinci rübündə tamamlanacaq.»

Eldəniz Vəliyev onu da bildirib  ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8  faiz abonent qaz sərfiyyatında   1200 kubmetrlik limiti keçməyib: « Burada ötən ilin eyni dövrü ilə müqayisədə xeyli miqdarda fərq var. Bu nəticənin yaranmasında əhali abonentlərin qazla davranışı, hava şəraitinin nisbətən yaxşı keçməsi də önəmli rol oynayıb.  Eyni zamanda, «Azəriqaz»ın qaz kəmərlərini yeniləməsi və dəyişməsi ilə bağlı gördüyü uğurlu işlər, o cümlədən qaz sızmalarının qarşısının alınması  müsbət nəticənin yaranmasına səbəb olub.»

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayından etibarən Tarif (Qiymət) Şurasının qərarına əsasən, illik 1 200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanır. Əhali üçün 1 200 - 2 500 kubmetrədək  və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik təşkil edir.

«2022-ci ilin əvvəlindən  «Azəriqaz» üzrə 650 minə yaxın dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, artıq bunların 250 mini yenisi ilə əvəz edilib.» Bu məlumatı isə İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov jurnalistlərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, sayğacların yoxlanılması nəticəsində kənar müdaxilə faktlarının azalması qeydə alınıb.  Belə ki,  əgər 2021-ci ildə bu, 20,8 min səviyyəsində olduğu halda , 2022-ci ildə isə bu  rəqəm  göstərici 8,9 minə enib.

Elçin Zaman, «İki sahil»