28 noyabr 2022 17:00
773

Bakıdan 70 kilometr cənub-şərqdə, dünyanın ən böyük qaz və kondensat yataqlarından biri - "Şahdəniz"

"Şahdəniz” qazı TANAP və TAP boru kəmərləri ilə Türkiyəyə, Avropaya tədarük edilir

Xəbər verildiyi kimi, noyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti “Şahdəniz” qaz-kondensat yatağının “Şahdəniz Bravo” platformasına səfər edib. Səfərin məqsədi dünyanın ən böyük qaz və kondensat yataqlarından biri hesab edilən "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə istismara verilən “Şahdəniz Bravo” platformasına yerində baxış keçirmək, fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv imkanları müzakirə etmək olub.

"Şahdəniz” qaz-kondensat yatağından hasilat davam edir. Əvvəlki illərdə olduğu kimi yataqdan çıxarılan qaz Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına, eləcə də çoxsaylı obyektlərin fəaliyyətini təmin etmək üçün BTC şirkətinə, həmçinin Avropadakı alıcılara qaz çatdırılması davam edib.

“İki sahil” BP-nin saytına istinadən xəbər verir ki, 2022-ci ilin ilk üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 772 milyon dollar əməliyyat xərcləri və təxminən 314 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub. 2021-ci il ərzində isə “Şahdəniz” üzrə fəaliyyətlərə 2 milyard dollardan artıq əməliyyat xərcləri və təxminən 680 milyon dollar əsaslı xərclər yönəldilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.

Məlumata əsasən, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib. 

"Şahdəniz”in qoşa qanadı

"Şahdəniz” yatağında iki hasilat platforması istismar olunur. "Şahdəniz Alfa” və "Şahdəniz Bravo” platformalarını "Şahdəniz”in qoşa qanadı da adlandırırlar. "Şahdəniz Alfa” 16 ildir ki, yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində fəaliyyət göstərir. "Şahdəniz Bravo” isə layihənin ikinci mərhələsi çərçivəsində 2018-ci ildə işə salınıb.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir. “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq üçüncü rübdə “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz 1” qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən “Şahdəniz Alfa” platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.

Proqram müddəti ərzində “Şahdəniz Bravo” platforması və ümumilikdə “Şahdəniz 2” hasilat və ixrac sistemi, Səngəçal terminalındakı “Şahdəniz 2” qurğuları normal əməliyyatlarını o cümlədən regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

2022-ci ilin üçüncü rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində qərb-cənub cinahından hasilata başlanılıb. Üçüncü rübdə həmçinin şərq-şimal cinahında sualtı quraşdırma işləri başlaıb və burada ilk sualtı elastik kabel uğurla quraşdırılıb.

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb

“İstiqlal” və “Maersk Explorer” qazma qurğuları “Şahdəniz 2” layihəsi çərçivəsində ümumilikdə 21 quyu qazıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

2021-ci ildə “Şahdəniz” yatağından ümumilikdə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz və 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil edilib. 

Məlumat üçün bildirək ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. “Şahdəniz” yatağını özünün “Şahdəniz” üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) tərəfdaşları adından BP şirkəti işlədir.

“Şahdəniz 1” üzrə əməliyyatlara 2006-cı ildə başlanılıb. Mərhələ 1 üzrə maksimum hasilat ildə təxminən 10 milyard kub metr qaz (mlrd.km/il) və gündə 50000 barel kondensat təşkil edir. 2014-cü ildə mövcud “Şahdəniz” qurğularının texniki olaraq daha da optimallaşdırılması hasilat sisteminin gündəlik maksimum gücünü 27,3 milyon standart kubmetrdən 29,5 milyon standart kubmetr səviyyəsinə qaldırıldı.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunub. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə “Şahdəniz” üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.

Azərbaycanı beynəlxalq arenada qaz ixrac edən ölkə kimi tanıdan "Şahdəniz” yatağı Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biridir. “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan kommersiya qaz həcmləri 2018-ci il iyunun 30-dan etibarən TANAP boru kəməri vasitəsilə Türkiyəyə, 2020-ci il dekabrın 31-dən etibarən isə TAP boru kəməri ilə Avropa İttifaqı ölkələrinə tədarük edilir.

Orxan Vahidoğlu, “İki sahil”