28 noyabr 2022 17:34
1093

SOCAR prezidenti Rövşən Nəcəf Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru Corci Çikovani ilə görüşüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf noyabrın 28-də Gürcüstanın Neft və Qaz Korporasiyasının (GOGC) baş direktoru Corci Çikovani ilə görüşüb.

“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb.

Görüş çərçivəsində birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafını gücləndirdiyi, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib.

Görüşdə Gürcüstanın ən böyük investorlarından olan SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb. Bu istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli, habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların uğurla icra edildiyi bildirilib.

Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.