30 noyabr 2022 14:01
368

Laçının aqrar və turizm potensialından səmərəli  istifadə prioritet məsələdir

Zəngin təbiəti və sərvəti  ilə daim diqqət çəkən Laçın rayonu 28 illik  işğaldan azad olunmaqla yeni həyatına qovuşdu. Rayon Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Rayonun ərazisi 1.84 min km2 olmaqla, 08 avqust 1930-cu il yaranıb. Rayonda 1 şəhər (Laçın ), 1 qəsəbə (Qayğı), 125 kənd vardır. Statistikanın məlumatlarına əsasən əhalinin sayı - 77,7 min nəfər, sıxlığı isə 1 km2 42 nəfərdir (1 yanvar 2019-su il). Bu rayonda əsas civə yataqları olan Narzanlı, Çilgəzçay, Sarıbulaq (ümumi ehtiyatları 1124 ton), əhəng istehsalına yararlı Laçın əhəngdaşı (ehtiyatları 4457 min ton) və üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı (ehtiyatları 2533 min m3), mişar daşı istehsalına yararlı 2 tuf Ağoğlan, Əhmədli (ümumi ehtiyatları 5125 min m3), kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil (ehtiyatları 998 min m3) yataqları və istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

Laçında  tikinti-inşaat  işləri üçün böyük xammal bazası mövcuddur. İşğala qədər  mərmər, əhəng sexləri, iki ədəd daş karxanası fəaliyyət göstərib. Bu bir daha rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün fundamental əsaslardandır. Nəzərə alsaq ki, Qarabağın inkişafında əsas inkişaf faktoru tikinti sektoruna yararlı xammal bazasıdır, Laçın rayonu da bu istiqamətdə yaranacaq inkişaf trayektoriyasında mühüm paya sahib olacaqdır. Rayonun bir sıra investisiya tutumlu sahələri var ki, bura kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. İşğaldan əvvəl əməkqabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Laçınlılar burada əsasən heyvandarlıqla məşğul olmuş və iri buynuzlu mal-qara, arı, qoyun və keçilər saxlayıb. İşğaldan əvvəl hər il rayon üzrə dövlətə 6000 ton süd, 5000 ton ət, 400 tondan çox yun  istehsal olunurdu.

Eyni zamanda, rayon ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Burada yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun, fərməş xüsusi gözəlliyilə seçilib. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması Laçın rayonun adı ilə bağlıdır. Sovetlər dönəmində rayonda yun və gön-dəri qəbulu müəssisəsi fəaliyyət göstərib. Bütün bu istiqamətlər gələcəkdə rayonun Şərqi Zəngəzurun yüngül sənayesinin inkişafında dəstəkləyici faktora çevrilməyinə səbəb olacaqdır.

Təbii sərvətlərlə zəngin olan rayonun iqtisadi potensialından yetərincə yararlanmaq üçün artıq Azərbaycan dövlətinin aqrar proqramları da mövcuddur. Yaxın gələcəkdə Laçının həm ənənəvi hevandarlıq sahəsinin, həm də turizm potensialının inkişafı üçün əhəmiyyətli işlər həyata keçiriləcək. Xüsusilə Laçın Hava Limanının, lokal su elektrik stansiyalarının inşası rayona yeni inkişaf  tempi gətirəcək.

Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri