30 noyabr 2022 14:12
1191

Kamran Bayramov: Laçına həyat yenidən qayıdır

"Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları var. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub.Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüş,  rayonda dövlət və xüsusi mülkiyyətə ciddi zərər yetirilmiş, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalmışdı. Ermənistan işğalçı tərəf kimi Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan erməni əsilli qaçqınların məqsədyönlü məskunlaşdırılması siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərə yol vermişdi."

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

K.Bayramov qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Rəşadətli ordumuz 44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmən təxribatlarının qarşısını layiqincə aldı. Azərbaycan əsgəri doğma torpaqlarını necə müdafiə etdiyini, Vətən uğrunda son damla qanınadək vuruşmağı bacardığını və düşməndən qat-qat  üstün olduğunu bütün dünyaya sübut etdi. 
K.Bayramov diqqətə çatdırıb ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçına həyat yenidən qayıdır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir. Eyni zamanda, Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Ali Baş Komandan, Prezident İlham Əliyev Laçın rayonuna səfəri zamanı vurğulayıb: «Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”.» İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən, Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində tikinti işləri aparılan hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.

K.Bayramov əlavə edib ki, 2020-ci il noyabrın 26-da  «Laçının azad olunmasına görə» medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu «Laçının azad olunmasına görə» medalı ilə təltif olunmuşdur.