30 noyabr 2022 16:19
296

Ələt Azad İqtisadi Zonasında işləyəcək əcnəbilərə dair viza proseduru müəyyənləşir

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun, inzibati müəsisələrinin və hüquqi şəxslərinin Ələt Azad İqtisadi Zonasının ərazisində işə cəlb edildiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmayacaq.

“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və plenar iclasa tövsiyə edilən Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Ələt Azad İqtisadi Zonasında fəaliyyət üçün Ələt İqtisadi Zonasının səlahiyyətli qurumunun, inzibati müəsisələrinin və ya hüquqi şəxslərinin vəsatəti əsasında əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə işgüzar səfər vizası veriləcək.

Ələt İqtisadi zonasının hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə isə şəxsi səfər vizası veriləcək.