30 noyabr 2022 13:48
379

Azərbaycan və İsrail arasındakı münasibətlər hazırda ən yaxşı inkişaf dövrünü yaşayır

Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir.

Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub.

Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O,ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. A.Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar.

Ötən il İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəliklərinin yaradılması isə iki ölkə arasındakı əlaqələri daha da genişləndirmişdir. İsrail prezidenti İsaak Hersoq bu ilin əvvəlində İsraillə Azərbaycan arasında münasibətlərin qurulmasının 30 illiyi şərəfinə məktub yazmış və prezident İlham Əliyevi İsrailə səfərə və səfirlik açmağa dəvət etmişdir.

Məktubda deyilir: “İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir. Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim”.

Qeyd edək ki, Azərbaycanın İsraildə səfirliyi təsis edilir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.

İslam Bafadarov,
YAP-ın gənc fəalı