30 noyabr 2022 15:51
359

Vətən müharibəsindəki qələbəmizdən sonra yeni strateji imkanlar qazandıq

Bu gün qürurla deyə bilərik ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində  işğal altında olan torpaqlarımızı azad etməsi ilə  regional nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi və bununla bağlı bir sıra digər təşəbbüslər üçün yeni imkanlar yarandı.Prezident İlham Əliyevin konfransdakı çıxışı  və ona ünvanlanmış suallara cavabı böyük maraqla qarşılandı. Azərbaycan şərqlə qərbi birləşdirən nəqliyyat qovşağı və logistik mərkəzdir. İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi imkanlarının getdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktdır.Zəngəzur dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropanı birləşdirən "Şərq-Qərb" dəhlizinin bir hissəsinə çevriləcək. Bu, Azərbaycan-Avropa iqtisadi halqasını Asiya ilə birləşdirən yeni bir nöqtədir.Bu dəhliz həmçinin qardaş Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar tanıyacaq.

Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana daşıyacaq yüklərini birbaşa quru yol vasitəsilə reallaşdıracaq. Bu da öz növbəsində ikitərəfli iqtisadi əlaqələrin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.İlham Əliyev bu dəhlizin əhəmiyyətini dəyərləndirərkən qeyd edib ki, Zəngilan rayonu Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq. Bu baxımdan Zəngilan Hava Limanı mühüm əhəmiyyətə malikdir, çünki yüklərin daşınması daha asan olacaq.Ola bilsin ki, bir gün Zəngilan Hava Limanının beynəlxalq uçuş əlaqələri olacaq. Niyə də olmasın? Bura Azərbaycanın ən gözəl yerlərindən biridir, çox gözəl təbiəti, təbii bulaqları, çayları, ağacları var. Biz bütün lazımi infrastrukturu yaradanda bura cənnətin bir parçası olacaq. Eyni zamanda bura Ermənistan sərhədindən uzaqda deyil. Ona görə də sirr deyil ki, bu hava limanı həmçinin təhlükəsizlik baxımından əhəmiyyət kəsb edəcək. Azərbaycandan keçən yüklərin həcminin artdığını və Azərbaycanın yük təyyarələri parkının genişləndiyini nəzərə alsaq, düşünürəm ki, bu, bizim yük təyyarələri parkımız üçün təyinat məntəqələrindən olmalıdır və ola bilər. Yerləşməsi baxımından o, Avropaya yaxındır, cənuba daha yaxındır və ümumiyyətlə, Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq.

Dövlət başçımız  mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə evsahibliyi etdiyinə görə ADA Universitetinə  xüsusi təşəkkürümü bildirdi. Qeyd etdi ki, əvvəlki və bu dəfəki müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və  ölkəmizin regiondakı qarşılıqlı əlaqələrinin daha yaxşı qavranılmasına töhfə verəcək. Bu dəfəki mövzu Orta Dəhliz məsələsinə həsr olunmuşdu.  Təbii ki, mövzunun əhatəliliyi daha geniş  idi. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalı idi. Aydın məsələdir ki,  təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün deyil. Konfransda dünyanın tanınmış diplomatlarının, siyasi xadimlərin, aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı və onların dövlət başçımıza ünvanladıqları suallar tədbirin mühüm əhəmiyyət kəsb etməsindən xəbər verir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sabiq səfiri, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Mətyu Brayzə, Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm,  Avropa Parlamentinin sabiq üzvü və Avropa Parlamentinin Azərbaycanla əlaqələr üzrə nümayəndə heyətinin sədri Səccad Kərim,  Misirin Al-Hevar Siyasi və Media Araşdırmaları Mərkəzinin direktoru Ahmed Taher,  Şotlandiyadan olan enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts,Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal, Avropa Siyasət Mərkəzinin baş analitiki Amanda Pol, ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran, ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz  kimi, dünyada tanınmış diplomat və ekspertlərin dövlət başçımıza ünvanladıqları suallardan  dolğun və məzmunlu cavab almaları razılıqla qarşılandı. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır.

Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Türkmən qazı ilə bağlı svop əməliyyatları başlanıb. İki ildən az müddət bundan əvvəl Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri tamamlanıb.  Dövlət başçımız, həmçinin Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumunun imzalandığını, Azərbaycan - Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf  etdiyini diqqətə çatdırdı və bildirdi ki, hazırda  təhlükəsizlik məsələləri bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir. Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz.

Aynur Həsənova,
YAP-ın gənc fəalı