30 noyabr 2022 15:07
349

Türkiyənin Azərbaycana güclü dəstəyi qardaşlığımızı daha da gücləndirdi

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Azərbaycan və Türkiyə tarixboyu həm çətin, həm də xoş günlərdə həmişə bir-birilərinin yanında olublar. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.  İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birilərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək bunun bariz nümunəsidir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Azərbaycan və Türkiyə qardaşlığının bariz nümunəsi hər iki ölkənin bir-birinə verdiyi siyasi, diplomatik və mənəvi dəstəklə ifadə olunur. Biz bir çox hallarda beynəlxalq arenalarda ölkə başçımızın Türkiyənin mövqelərini ən yüksək səviyyədə  müdafiə etdiyinin şahidi olmuşuq.

Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan xalqı hər zaman ən çətin anında Türkiyənin yanında olub. Dövlətimizin başçısı Azərbaycanla yanaşı, Türkiyənin də maraqlarını qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib.Həmçinin Qardaş Türkiyə ərazilərimizin təcavüzkar, monoetnik Ermənistan tərəfindən işğal atında saxlanıldığı, talan edildiyi 30 ilə yaxın dövrdə bütün beynəlxalq kürsülərdə Azərbaycanın haqlı mövqeyini müdafiə etdi.Dövlət başçılarının səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşməsini şərtləndirir.Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasını iki ölkə arasında isti münasibətlərin pik nöqtəsi hesab olunur.

Müttəfiqlik haqqında Bəyannamə Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın, ölkələrimizin bu bağlılığı hər iki dövlət başçılarının çıxışlarında da hər zaman təsdiqlənir. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu zaman Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı