01 dekabr 2022 11:13
376

Ermənistan Zəngəzur dəhlizinin açılmasından niyə yayına bilməyəcək?

Noyabrın 25-də ADA Universitetində Azərbaycan Prezidentinin iştirakı ilə sayca üçüncü olan beynəlxalq konfrans keçirildi. Bu mötəbər tədbirdə ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, Fransa, Pakistan, Kanada, İtaliya, Belçika, İsveçrə, Bolqarıstan, Gürcüstan, Misir, Polşa, Rumuniya və qardaş Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və tanınmış nümayəndələri iştirak edirdilər.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən konfransın siyasi çəkisini artıran məqam onunla bağlı idi ki, rəy və təhlilləri, proqnoz və təklifləri qlobal güclərin diqqətindən yayınmayan nüfuzlu qonaqlar növbəti dəfə də suallarını Azərbaycan Prezidentinə birbaşa vermək və aktual mövzu ilə bağlı məhz onun fikirlərini öyrənmək imkanını əldə etmişdilər. Konfransın müzakirəsinə çıxarılan “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusu tədbirin siyasi əhəmiyyətini xüsusilə qabardırdı. Bu cür qlobal mövzunun Bakıda müzakirəyə çıxarılması  ona dəlalət edir ki, bölgədə yeni geosiyasi və geoiqtisadi reallığı yarada bilmiş Azərbaycan liderinin mövqeyi nüfuzlu beyin mərkəzləri üçün xüsusi maraq kəsb edir. Prezident İlham Əliyevin suallara verdiyi ətraflı cavablar isə ona xidmət edirdi ki, qlobal siyasətin aparıcı mövzuları ilə bağlı ölkəmizin mövqeyi məhz birinci şəxsinin dilindən beynəlxalq auditoriyaya təhrif olunmadan çatdırılsın.

Müzakirələr zamanı dövlətimizin başçısına ünvanlanan sualların və Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin təhlili deməyə əsas verir ki, dünyanın aparıcı beyin mərkəzlərində beynəlxalq təhlükəsizliklə bağlı ortaq mövqe artıq formalaşmaqdadır. Nüfuzlu analitiklər belə hesab edirlər ki, təhlükəsiz dünya nizamına edilən təhdidlərin qarşısının alınması təkcə ölkələrin ərazi bütövlüyünün qorunmasından keçmir. Ekspertlərin rəyinə görə, ərazi bütövlüyünün güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi ortaq beynəlxalq mövqeyə çevrilməli və bu zaman selektiv yanaşmaya yol verilməməlidir.

Bununla yanaşı, iqtisadi təhlükəsizliyin, o cümlədən enerji və qida təhlükəsizliyi məsələlərinin daha etibarlı şəkildə həlli də vahid yanaşma tələb edir. Çünki dünya ölkələrinin təbii sərvət resursları fərqli olduğu üçün, bu, müasir dünyada iqtisadi asılılıq problemini gündəmə gətirir. Hansısa ölkə həmin asılılığı hərbi doktrinasının tərkib hissəsinə çevirmək fikrinə düşdükdə, beynəlxalq hüquq normaları kobud sürətdə pozulur və  qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan əməkdaşlıq isə nəinki əhəmiyyətini itirir, hətta təhlükləri təhdid faktoruna çevrilə bilir. Nəzərə alsaq ki, ticari münasibətlər lap bineyi-qədimdən, müasir dünyada isə xüsusilə sıx inteqrasiyaya köklənib, bu prosesin təzyiq alətinə çevrilməsinin hansı ağır fəsadlara yol aça biləcəyini və ya artıq açdığını görməmək mümkün deyil.

Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, həqiqətən, iqtisadi müstəqillik və təhlükəsizlik təmin olunmadan, ölkələrin siyasi müstəqilliyini qorumaq xeyli çətinləşir. Dünyanın aparıcı beyin mərkəzləri də hesab edirlər ki, bu cür təhlükələri minimuma endirmək, iqtisadi asılılığı işğal və ilhaq siyasətinin alətinə çevirmək istəyən ölkələrin qarşısında dirəniş göstərmək üçün, beynəlxalq hüququn icrasına münasibət kökündən dəyişilməli və imperativ xarakterli yeni beynəlxalq icra mexanizmləri yaradılmalıdır. Bu, nə qədər mürəkkəb proses olsa da, görünən odur ki, qaçılmazdır.  Dünya analitiklərinin digər qənaəti isə ondan ibarətdir ki, mövcud təhlükələrə baxmayaraq, dünyanın təkamül prosesi və əhalinin rifah halının yaxşılaşdırılması,  yoxsulluq səviyyəsinin aşağı salınması yenə də iqtisadi inteqrasiya proseslərinin daha da dərinləşməsindən, qitələrin bir-birinə iqtisadi cəhətdən daha çox yaxınlaşmasından keçir.

ADA Universitetində keçirilən beynəlxalq konfransın Orta Dəhlizin reallaşması perspektivinə və məhz bu kontekstdə təhlükəsizlik məsələlərinə həsr olunması elə bu baxımdan təsadüfi deyildi. Tədbir iştirakçılarının müzakirəyə yüksək marağı həm bu məqamdan, həm də ölkəmizin Orta Dəhlizdə tutduğu coğrafi və iqtisadi üstünlük amilindən irəli gəlirdi. Qonaqların Orta Dəhliz məsələsinə fokuslanmasını şərtləndirən digər vacib amil isə onunla bağlı idi ki, bu qlobal layihənin gerçəkləşdirilməsi yolunda qətiyyətli siyasi iradə nümayiş etdirən liderlərdən biri məhz Azərbaycanın dövlət başçısıdır.

Bununla yanaşı, hansısa ölkənin çoğrafi yerləşmə üstünlüyü və təbii sərvətlər potensialı hələ o demək deyil ki, həmin ölkənin geoiqtisadi layihədə iştirak etmək təşəbbüsünə dünya gücləri, bütün ölkələr eyni səviyyədə etimad göstərəcək və ya dəstək verəcək. Bunun üçün siyasi iradə ilə yanaşı,  ölkədaxili nəqliyyat və logistika infrastrukturunun hazırlıq səviyyəsi də zəruri şərtdir. Prezident İlham Əliyev məhz həmin amilləri nəzərə alaraq, konfrans iştirakçılarının diqqətinə bunları çatdırdı: “İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökümət siyasətimizin proqnozlaşdırılması-bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat-bütün bu amillər çox vacibdir... Eyni zamanda, bizim coğrafi mövqeyimizin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük”.

Prezident İlham Əliyevin ölkəmizin bu cür qlobal layihələrə hazırlıq səviyyəsi ilə bağlı istinad etdiyi iqtisadi mənzərə artıq həyata keçirilmiş böyük layihələrin nəticələrinə söykənir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP qaz kəmərləri, bütövlükdə Cənub Qaz Dəhlizi, Ələt İqtisadi Zonası və  Dəniz-Ticarət Limanı, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Abşeron”, “Ümid”, “Babək”, “Asiman” və “Şəfəq” yataqlarında aparılan işlər, bərpaolunan enerji mənbələri ilə bağlı görülən tədbirlər, beynəlxalq hava limanları  və digər layihələr bu hazırlığın strateji iqtisadi inkişaf konsepsiyasına söykəndiyini bir daha təsdiq edir. Lakin iqtisadi strategiya ilə yanaşı, ölkə rəhbərliyinin siyasi strateji baxışına bağlı olan başqa bir həqiqəti də unutmamalıyıq. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü və təkidi nəticəsində Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Birgə Bəyanatla üzərinə öhdəlik götürdü ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılmasını təmin edəcək. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına Ermənistanın mane ola bilməyəcəyi fikrini təkidlə ona görə vurğulayır ki, bu, təkcə məğlub edilmiş ölkənin üzərinə götürdüyü siyasi öhdəlik deyil. O həm də yeni təhlükəsiz dünya nizamının formalaşmasında rol alacaq Orta Dəhlizin əvəzolunmaz həlqəsi sayılan Zəngəzur dəhlizinin açılmasına kiçik Ermənistanın və ya bir başqasının mane ola bilməyəcəyi reallığından irəli gəlir. Prezident İlham Əliyev elə buna görə gerçək vəziyyəti konfrans iştirakçılarının diqqətinə olduğu kimi çatdırdı:

“Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir”.

Geosiyasi reallıq onu da göstərir ki, Orta Dəhliz layihəsinin reallaşmasında birləşmiş Qərblə yanaşı, bugünkü Rusiya da maraqlıdır. Çünki Şimal-Cənub dəhlizinin açılması, Şərq-Qərb dəhlizi işə salınmadan  iqtisadi baxımdan nəzərdə tutulduğu qədər əlverişli ola bilməz. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, məhz bu səbəblərdən Ermənistan və onu əks  mövqeyə sürükləyən məlum ölkələr, istəsələr də Zəngəzur dəhlizinin açılmasına mane ola bilməyəcəklər. Elə eyni səbəblərə görə, Ermənistan gec-tez Azərbaycanın beynəlxalq hüquq normaları əsasında irəli sürdüyü beş təməl prinsipini qəbul edərək sülh müqaviləsini də imzalamalı olacaq. Çünki mütərəqqi dünyanın marağında olan geoiqtisadi layihələr sabitlik təsbit olunmadan gerçəkləşdirilə bilməz. Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi məhz belə layihələrdəndir.

Böyük idmanın böyük siyasətdən uzaq olduğu qənaəti ilə razılaşsaq da, onların arasında bəzən oxşar cəhətlərə də rast gəlmək mümkündür. Bəzən mötəbər idman yarışlarında, o cümlədən tatami üzərində məğlub olan rəqib uduzduğunu dərk etsə də, “məğlubedilməzlik” sindiromu və ya natamamlıq hissi ona imkan vermir ki, məğlubiyyətini şərəflə, alicənablıqla qəbul etsin. Amma onun bu cığallığı və nataraz davranışı ədalətli nəticəni heç vaxt dəyişə bilmir...

Ülvi Quliyev,

Milli Məclisin deputatı