Son günlər Naxçıvan Muxtar Respublikasında baş verən hadisələr ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Oradakı həbslərlə bağlı sosial şəbəkələrdə müxtəlif rəylər, fikirlər səsləndirilir. Ancaq məsələ burasındadır ki, hazırda Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Heç kimə sirr deyil ki, Naxçıvan gömrüyündə Dövlət Gömrük Komitəsinin keçmiş rəhbəri Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, daha dəqiq desək, “yeyinti” ilə bağlıdır.
Yeri gəlmişkən, hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, belədə ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.
Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda apardığı antikorrupsiya əməliyyatlarının nəticələri ilə tanış olarkən Prezident İlham Əliyevin 2019-cu il noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən toxunduğu həyati vacib məsələlər bir daha diqqətimizi çəkdi. Dövlət başçısı həmin qəbul zamanı bu diyarın təhlükəsizliyi, ordu quruculuğu ilə bağlı məsələlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirildiyini qeyd etdi. Həmçinin diqqəti elektrik enerjisi təchizatı, yol infrastrukturana ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə bağlı məsələlərə yönəltdi. Həmçinin bildirdi ki, bu gün bütün ölkədə olduğu kimi, Naxçıvanda da maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməlidir: “Naxçıvan büdcəsinin cəmi 22 faizi, yəni 383 milyondan cəmi 83 milyon yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, yerli gəlirlərin büdcədə faiz nisbəti artsın. Bu halda daha da böyük imkanlar yaranacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahədə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bu 850 milyon sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin rəqəmlərinə baxdıqda həm yerli gəlirlərin mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizini artırmaq üçün əlavə addımlar atılmalıdır”.
Göründüyü kimi, dövlət başçısı hələ 2019-cu ildə bütün bunlara diqqəti yönəldərək Naxçıvanda maliyyə və iqtisadi sahədə tam şəffaflığın olmasını tələb edirdi. DTX-nın bu günlərdəki əməliyyatı zamanı isə aydın oldu ki, qısamüddətli araşdırma nəticəsində Naxçıvanın Maliyyə Nazirliyində 144, Gömrük Komitəsində isə 132 milyon manatlıq mənimsəmə olub.
Danılmaz faktdır ki, bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin respublikamızda apardığı siyasətin tərkib hissəsidir. Bu məqsədlə Naxçıvana dövlət büdcəsindən lazımi vəsait ayrılır. Bütün bunların müqabilində bu məsələlərdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər isə sərt cəzalandırılacaq. Digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və burada təəccüblü nəsə yoxdur. Bütün bunların fonunda bir daha qeyd etmək istərdik ki, Naxçıvandakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Burada hər hansı siyasi çalar, siyasi məna axtarmağa ehtiyac yoxdur.
Zahid Rza, “İki sahil”
Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib