06 dekabr 2022 15:30
1045

SOCAR tərəfindən “Layihə maliyyəsi” mövzusunda təlim keçirilib - FOTO

Maliyyə rəhbərlərinin inkişaf proqramı çərçivəsində ilk modulun keçirilməsi və iştirakçıların SOCAR-ın Türkiyədəki strateji layihələrindən olan Star neft emalı zavodu (NEZ), Petkim və "SOCAR Depolama"nın fəaliyyəti ilə yaxından tanış edilməsi məqsədilə Türkiyənin İzmir şəhərinin Aliağa bölgəsinə səfər təşkil edilib.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.

Paylaşımda qeyd olunub ki, səfər çərçivəsində iştirakçılara SOCAR-ın Türkiyədəki aktivləri barədə məlumat verilib, “Layihə maliyyəsi” mövzusunda təlim keçirilib.

SOCAR Enerji Türkiyə

Xatırladaq ki, SOCAR-ın törəmə şirkəti olan SOCAR Enerji Türkiyə A.Ş (SOCAR Türkiyə), 2008-ci ildə Petkim-in səhmlərinin 51%- ni Özəlləşdirmə İdarəsindən satın alaraq fəaliyyətə başlamışdır. Əsas investisiya sahələri neft-kimya məhsulları və ticarəti, neftin emalı, təbii qaz ticarəti və paylanması olan SOCAR Türkiyə, sərmayələrinin böyük hissəsinin yerləşdiyi Aliağadakı ərazilər üçün Türkiyədə “Xüsusi Sənaye Bölgəsi” adını alan ilk şirkətdir. SOCAR, Türkiyədəki əsas investisiya sahələrini təbii qaz ticarəti və paylanması, benzin təmizlənməsi və paylanması, neft və neft-kimya məhsullarının istehsalı, ticarəti və bu sahələrə dəstək kimi fəaliyyətlər olaraq səciyyələndirir. Hazırda SOCAR Enerji Türkiyə ölkənin ən böyük holdinqlərindən biridir. 2021-ci ildə şirkətin işçilərinin sayı 5 min nəfəri, subpodratçılar ilə birlikdə yaradılan iş yerlərinin sayı isə 10 min nəfəri keçmişdir.

“Petkim” neft-kimya kompleksi

SOCAR Enerji Türkiyə “Petkim”in səhmlərinin 51%-ni satın aldıqdan sonra hər il şirkətə təxminən 100 milyon ABŞ dolları dəyərində sərmayə yatırıb. Hazırda “Petkim” Türkiyə daxilində ən böyük sənaye müəssisələri və ixracat liderləri arasındadır. Zavodda 60 fərqli növdə məhsul istehsal edərək təkcə Türkiyədə 6 000 kiçik və orta müəssisəni məhsulla təchiz edərək 78 ölkəyə ixracı həyata keçirir. “Petkim” 3,6 milyon ton məhsul istehsalı həcminə malikdir. Hazırda istehsal gücünün artırılması məqsədi ilə zavodların yenilənməsi üzrə işlər davam etdirilir, yeni avadanlıqlar qurulur. “Petkim” yarımadasındakı layihələri gerçəkləşdirmək üçün Türkiyə dövləti “Petkim” ərazisinə “Özəl Təhlükəsizlik Sahəsi” və “Özəl Layihə Sahəsi” statuslarını vermişdir. Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olan “Petkim” pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq fasiləsiz istehsalı davam etdirmiş, 2021-ci ildə istehsal miqdarı 3,29 milyon ton təşkil etmiş və 810,9 mln. ABŞ dolları həcmində ixracat həyata keçirmişdir. 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə “Petkim” istehsal gücündən istifadə əmsalını 87,9 %-dən 92,6 %-ə yüksəldə bilmişdir. “SOCAR Enerji Türkiyə”nin digər bir törəmə müəssisəsi olan Star NEZ ilə inteqrasiyası sayəsində yaranan sinerji ilə istehsalı davam etdirən “Petkim” həmçinin 2021-ci ili 413 mln. ABŞ dolları məbləğində xalis mənfəətlə başa vurmuşdur.

Star neft emalı zavodu

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilən Star Neft Emalı Zavodu (“STAR” NEZ) Türkiyənin ilk Strateji İnvestisiya Təşviq Sertifikatına sahib olmuşdur.

Star NEZ-in ümumilikdə 6,3 milyard ABŞ dollar olan layihə investisiya dəyərinin 3,3 milyard ABŞ dolları layihə maliyyələşdirmə krediti hesabına təmin edilib. Zavodun istismar çevikliyini, səmərəliliyini və logistika qabiliyyətini daha da inkişaf etdirmək üçün həyata keçirilən əlavə investisiyalarla birlikdə ümumi investisiya məbləğinin 7 milyard ABŞ dollar olacağı gözlənilir. Hazırda 1 086 nəfərin çalışdığı müəssisə Türkiyənin istehlak etdiyi neft məhsulları tələbatının təxminən 25 faizini ödəyir. İllik istehsal gücü 11 milyon ton xam neft emal həcmi olan Star NEZ-in dizel və naftadan əlavə, Türkiyənin indiki tələbatının əhəmiyyətli komponentlərindən olan təyyarə yanacağı və LPG kimi neft məhsulları da istehsal edir.

Zavodda illik 1,6 milyon ton nafta, 350 min ton reaktiv yanacaq, 6 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 750 min ton neft koksu, 1 milyon ton reformat, 130 min ton kükürd və 200 min ton LPG istehsal olunur. Gündəlik 35 min kubmetr xam neft emal etmə qabiliyyətinə malik olan STAR NEZ-in saxlama tutumu 2021-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,6 milyon kubmetrə çatdırılıb. Səmərəliliyi və əməliyyat rahatlığını artırmaq üçün əlavə saxlama yerlərinin təmin edilməsinə təxminən 600 milyon ABŞ dollar investisiya yatırılıb. Bu investisiyalar başa çatdıqdan sonra STAR NEZ-in anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaqdır. Bu gün STAR NEZ-in istehsal etdiyi, illik təxminən 1,6 milyon ton nafta ilə Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya istehsalçısı “Petkim” neft-kimya kompleksinin xammal ehtiyacını, demək olar ki, tam ödəyir. Zavod qabaqcıl texnologiya və “Petkim” ilə inteqrasiyalı fəaliyyəti nəticəsində COVID-19 pandemiyası müddətində fasiləsiz işləyərək yüksək istehsal həcimini davam etdirmişdir. 2021-ci ildə Star NEZ-in Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olmuşdur.

SOCAR Depolama

“SOCAR Depolama” şirkəti xammal və hazır neft məhsullarının saxlanması məqsədilə 2016-cı ildə təsis edilib. Terminalın fəaliyyət dairəsinə neft və neft məhsullarının çənlərdə saxlanılması, tankerlərə doldurulması, dəniz tankerlərindən çənlərə boşaldılması kimi əməliyyatlar daxildir. “STAR” NEZ-in saxlama tutumunun artırılması nəticəsində “SOCAR Depolama” terminalının ümumi çən tutumu 575.000 m³-ə qədər artırılıb. Bununla da, “SOCAR Depolama” şirkəti Türkiyənin 5 ən böyük terminalından birinə çevrilib.

Orxan Vahidoğlu, “İki sahil”