09 dekabr 2022 23:15
812

BU YOL HEYDƏR YOLUDU

2021-сi ildə nəşr olunan «Dəmir Yumruq dastanı” kitabının ikinci hissəsi sürətlə həyata can atır.Amma o, görülən işlərin tərənnümü ilə kifayətlənə bilməz.Bunu müəllif də ,oxucular da yaxşı başa düşür.Çünki  Qarabağda quruculuq işləri o qədər sürətlə həyata keçir ki,dünən başa çatan möhtəşəm bir layihə bu gün köhnə görünür.Deməli həyata keçirilən möhtəşəm tədbirləri onun mahiyyəti ilə paralel qələmə almaq gərəkdir. Faktın özünü yox,fəlsəfəsini araşdırmaq daha zəruridir..Bu düşüncələrlə kitabın ikinci hissəsini yazmağa cürət etdim.

Dastanın  birinci kitabının lap əvvəlində “Dəmir yumruğun” gücü haqqında danışmışdım:

“Dəmir yumruq beş barmaqdı
Amma böyük bir olkədi.
Cəsarətdi, şücaətdi
Nə tərəddüd, nə “bəlkə”di!

Yəqin ki, oxucunu belə bir sual düşündürür: Bu qətiyyət, cəsarət, qələbəyə inam hardan qaynaqlanır?

Əgər oxucu iyirminci əsrin doxsanıncı illərində yazdığım  bu şeiri oxusa,sualına cavab tapar:

 

BU DÜNYADA BİR ƏL VAR...

Bu dünyada bir əl var,
Həm iri, həm işıqlı.
Yumulsa zindan olar,
Açılsa yaraşıqlı.

Çox çox “mənəm” deyəni,
Taxtından saldırar o.
İstəsə bu dünyanı,
Ayağa qaldırır o.

Çıxsa tribunaya,
Heydər baba, dağ kimi,
Əllərini qaldırsa,
Göylərə bayraq kimi,

Görünsə ağ çöhrəsi,
Üfüqdə səhər kimi!
Gedərik arxasınca,
Balaca əsgər kimi!

Bu əl məşələ dönüb,
Bir elin qabağında.
Yadlar bizə neyləyər,
Bu əlin qabağında?!

Bəzən çox adi bildiyimiz bir söz böyük  mənalar daşıyır. “Yol” sözü də belədi. O, təkcə torpaq yol, asfalt yol, dəmir yol kimi mənalarla məhdudlaşmır. Yol-əqidə, Yol-üsul, Yol-ideal!  və s. kimi  çox mənaları da var. Birinci Qarabağ savaşında Ermənilər   bizim millətə qan uddurmaqla məşğul oldu. Ərinin, oğlunun gözünün qarşısında anaların, bacılrın namusuna təcavüz etdilər. Qaynar samovarı lüt insanların belinə şələlədilər, ailələri nəhəng borulara doldurub ağzını qaynaqladılar ki, zülmlə ölsünlər Qışın covğununda körpə uşaqları qovub  çayda boğdular. Bir sözlə onlar müharibə aparmaqdan daha çox azərbaycanlılara zülm etməyi bir məqsəd kimi qarşıya qoymuşdular soyqırımın bütün tələblərini icra edirdilər. Vəhşilik son həddə çatmışdı. Onlar bu yolu tutmuşdular. Qarabağdan  insanlıq ruhunun uçub ketməsinin səbəbi bu idi.

“Dəmir yumruğ”un isə yolu tamam başqadı. Onun məqsədi insanlara xoşbəxt bir həyat bəxş etməkdi. Bu yolun əsasını polad iradəli bir kişi  qoyub. Bu yol insanlığın, ləyaqətin ,əmin-amanlığın təməlidi. Dediyim polad iradəli kişi ulu öndərimiz Heydər Əliyevdir. Onun yaratdığı magistral yol  hələ XX əsrin 60-cı illərindən üzübəri ardıcıl inkişafla irəliləyir”. Dəmir yumruğ”un iradəsi ilə azad olan torpaqlarımızda sabaha doğru uzanan bu yol da həmin magistralın davamıdır.

Müqəddəsdi, uludu,
Tərifdi Heydər yol
Hər kəs ora can atır
Şərəfdi Heydər yolu.

Bu yol sevgi yoludu
Toydan, büsatdan keçir,
O günəşə tuşlanan
Möhkəm qanaddan keçir.

Hara tutsa üzünü
Xoş bir mətləbə gedir.
Gah uşaq bağçasına
Gah da məktəbə gedir.

Düşmən yüz hiylə qurdu,
Bu yol öz inadında!
O göylərə ucaldı
Uçağın qanadında.

Qışda da rahat olsun
Qoy hər adam evində
Neft axtardı, qaz gəzdi
Göy Xəzərin dibində

O həmişə cavandı
Nə kol basır, nə itir
Onun keçdiyi yerdə
Gül bitir, çiçək bitir

İgidlər cəbhələrdə
Sarılanda silaha
Bizimlə addımladı
O, uğurlu sabaha.

Azərbaycan yaşadır
Bu yolu yaddaşında
Əbədi məskən salıb
Vətənin hər daşında.

Qoy deyim Heydər yolu
Daha harda yaşayır!
Qocaların üzündə
Qırışlarda yaşyır.

Pöhrələyən meşənin
Nəğməsində yaşayır
Bildirçinin, turacın
Şən səsində yaşayır.

Qalib gələn millətin
Sədasında yaşayır.
“Qarabağ –Azərbaycandır”
Nidasında yaşayır.

O getdikcə böyüyür.
Şaxələnir, qollanır.
Günəşdən gələn bu yol
Al sabaha yollanır.

Hərdən  özümə sual verirəm: Axı, bu insanların təqsiri nə idi ki,azğınlaşmış erməni, onların  torpağını, sevgisini, təmiz arzularını, evini-eşiyini amansızlıqla əlindən alıb,  payız yarpağı  kimi qabağına qatıb istədiyi səmtə aparırdı?! Onların normal həyatını zəhərə çevirir, bülluru xatırladan sevgilərini daşlara vürüb çilik-cilik edirdi. Ermənilər Qərbi Azərbaycanda yaşayan insanları dədə-baba torpaqlarından qovdu, həmin şəhərlərin və kəndlərin adını dəyişdirib özününküləşdirdi, Qarabağı viran etdi. Erməni qarətcilərin acgözlüyü, vəhşiliyi həm bizim, həm də erməni xalqının bütöv bir nəslini  şikəst elədi. Onların torpağa olan hərisliyi, bu gözəl dünyanı cəhənnəmə cevirən xisləti bütün dünyada, xüsusilə Fransada, Amerikada Korona virusu kimi yayılıb. Dünyanın ən ağıllı adamları belə “Erməni virusundan” yaxa qurtarmağın yolunu tapa bilmir. Bu virus zəli kimi  böyük ölkələrin  prezidentlərinin boğazından sallanıb, qopmur. Dünya erməni xəstəliyinin əlində acizdir.

Bu dəhşətli virusun qarşısında dayanmağa məhkumuq. Tale bizə belə bir bəla yetirib. Amma Allah bizə bu bəladan xilas olunmaq üçün ağıllı rəhbər, igid oğullar, mərd analar bəxş edib. Müharibənin gözünə kirpiklərini qırpmadan baxan igidlərimizi,”Oğlumun da ,mənim də canım vətənə qurbandır” deyən anaların müdrikliyini görən “Dəmir yumruğun” səsi qalib bir qəhrəman kimi daha əzəmətli olur.

Hələ bu kitabın son nöqtəsini qoymağa macal tapmamış möhtərəm Prezidentimizin gələcəyə ünvanlanan fəaliyyətləri qapımı döyür, ümidimi daha da artırır, sanki “Bizi də qələmə al”- deyir

O hadisələrdən biri 44 günlük müharibənin təntənəsi  “Şəhidlərin paradı” idi. Bakı çoxdandı belə bir ehtişamı görməmişdi. Dünyanı heyrətdə qoyan 44 günlük müharibə qəhrəman şəhidlərimizi mərmər daşların altından sıçrayıb durmağa vadar etmişdi. Azərbaycanın bütün şəhərlərində olan şəhidlər xiyabanlarının sakinləri ölkənin mərkəzinə toplamışdı. Bayramı hamı ilə birlikdə keçirməkdən gözəl nə ola bilərdi?! Bu möhtəşəm tədbirin tamaşasına yığışan insanların ürəyi qürurla dolmuşdu. Hər kəs bütün şəhidlərin unudulmaz simasına baxıb ona öz məhəbbət payını vermək istəyirdi. Axı bu günkü təntənənin təməlini qoyan bu mərd, yenilməz, ölümün gözlərinə dik baxan, ölümləri ilə əbədiyyətə qovuşan bu insanlar idi.

Parad başladı Qabaq cərgədə Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyev gəlirdi.Önun əlində tutduğu plakatda ,xalqın dilində qəhrəmanlıq və ləyaqət simvoluna çevrilən Polad Həşimovun şəkli var idi.Polad gülümsünən baxışları ilə hamını salamlayırdı. Cənab prezidentin yanında Azərbaycanın Birinci vitse prezidenti, ölkənin birinci xanımı,zərif qamətli,mərdlikdə heç bir kişidən geri qalmayan, “Aslanın erkəyi-dişisi olmaz” deyimini fəaliyyəti ilə təsdiq edən Mehriban xanım Əliyeva addımlayırdı. Onun əlində tutduğu plakatda ən körpə şəhidimizin   şəkli var idi.Ermənilərin  müharibə ilə hec bir əlaqəsi olmayan  şəhərlərə atdıqları raketlərdən biri də cəbhədən çox uzaqda- Gəncədə  oyuncaqları ilə oynayan Nuraygilin evlərinə düşüb partlamışdı. Ailə üzvləri ilə birlikdə  Nurayın da həyatına son qoymuşdu. Amma, bu günkü tədbir göstərdi ki, bu körpə sahibsiz deyil.Onun qisasını cəbhədə igidlərimiz aldı. Özü isə ölkənin birinci xanımının başı üstündə paradın ön cərgəsində gedirdi. Onların ardınca əllərində 2907 şəhidin şəkli olan qarşısıalınmaz bir sel gəlirdi.

O təntənəni qələmə almamaq olmazdı.

XX əsrin ikinci yarısından başlayaraq bu günə kimi Azərbaycan xalqının və dövlətinin həyatında baş verən  bütün mütərəqqi hadisələr xalqımızın  sevimlisi, ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. O elə bir dövlətçilik ənənəsi yaratmışdır ki, hətta özü olmadığı məqamlarda belə onun yolunu tutub gedənlər hökmən qələbə qazanır. 44 günlük müharibədə Azərbaycan xalqının, Ali Baş Komandan İlham Əliyevin, Qəhrəman ordumuzun düşmən üzərində qələbə çalmasının da mayasında Heydər Əliyev müdrikliyi dayanır.

Zahid Xəlil,
Filologiya elmləri doktoru, professor