İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən dövlətimizin başçısı qeyd edib ki, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Həmçinin Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir və bunun nəticəsində iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.Eyni zamanda insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3600 kilometrlik Cənub Qaz Dəhlizidir.
Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.
Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini