14 dekabr 2022 03:21
519

Donuzu darıdan zorla çıxarmağın vaxtıdır

«Sülhməramlı»larla elə özlərinin anlaya biləcəkləri «sülh» dilində danışmaq qaçılmaz zərurətdir

Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan kənd və şəhərlərimizi dağıdıb viran qoymaqla kifayətlənməyərək ekoloji, mədəni terrorlar törətməklə təbii resurslarımızı da talan edib , milli- mənəvi sərvətlərimizi dağıdıb. Azad edilmiş torpaqlardakı ürək ağrıdan mənzərələrdən də aydın olur ki, erməni vandalları bilərəkdən təbiətimizə qəsd ediblər. Tərtər çayının suyunu kəsməklə kifayətlənməyən ermənilər qanunsuz olaraq Zəngəzurda yerləşən mis-molibden kombinatlarının tullantılarını Oxçuçaya, Bəsitçaya, Araz çayına tökərək ekoloji fəlakət törədiblər. Qiymətli ağacları vəhşicəsinə doğrayaraq meşə fondumuzu, o cümlədən zəngin flora və faunaya malik olan Bəsitçay Təbii Qoruğunu məhv ediblər. «Qırmızı kitab»a və Beynəlxalq Qırmızı Siyahıya daxil edilmiş nadir, sayı tükənməkdə olan bitki və heyvanları məhv edib, heyvanların yaşayış areallarını dağıdıb, ekosistemin tarazlığını pozmaqla ətraf mühitə ciddi ziyan vurublar. Bir sözlə, 30 il Ermənistanın işğalı altında qalan ərazilərimizdə bioloji müxtəliflik pozulub. «Qanunsuz istismar edilən qızıl yataqlarımız sərvətimizin talanması deyil, eyni zamanda, o hasilatın nəticəsində yaranan ziyanlı, zəhərli maddələrin düzgün utilizasiya olunmaması, hasilat üçün istifadə edilən reagentlər, o zəhərlər hamısı bizim təbiətimizə böyük ziyan vurdu. Oxçuçayın o görüntüləri var, sapsarıdır. Kim bunu edib? Ermənilər!» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ekoloji terror nəticəsində illərdən bəri işğal altında qalan torpaqların üst qatı tamamilə sıradan çıxıb.

Təəssüf ki, Azərbaycana qarşı ekoloji terror siyasəti yeridən Ermənistan vandalizm əməllərini Vətən müharibəsindən sonra da davam etdirir. Təkcə Oxçuçay ətrafında baş verənlər Azərbaycanın təbii sərvətlərinə vurulan ən böyük zərbədir. Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay hələ də kəskin çirklənməyə məruz qalır. Almaniyanın «Cronimet»” şirkəti , eyni zamanda, işğalçı Ermənistan hələ də anlamırlar ki, transsərhəd çayları normadan artıq çirkləndirmək və bu çaylar vasitəsilə qonşu ölkələrin ərazilərinə çirkab axıtmaq təbiətin mühafizəsinə dair beynəlxalq konvensiyalara ziddir.

Bu günlərdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin işğaldan azad edilmiş Qarabağda müvəqqəti yerləşən Rusiya Federasiyası Müdafiə Nazirliyinin kontingentinin rəhbəri Andrey Volkovla keçirilən görüşün məqsədi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının, yaranan ekoloji fəsadların qarşısının alınması üçün monitorinqlərin aparılması idi. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilən Rusiyanın adı «sülhməramlı» olsa da, əməldə sülhə əngəl törədən kontingentinin əlisilahlı əsgərləri monitorinqin keçirilməsinə bilərəkdən şərait yaratmadılar. Bölgəyə yerləşdikləri gündən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının bəndlərinə əməl etməyən sözdə « sülhməramlı»lar artıq tarixdən silinən «Dağlıq Qarabağ münaqişəsi» dövründə olduğu kimi, davam etdiyi 30 ildə işğalçıya dəstək missiyasını bu gün də davam etdirir. Laçın yolunda ermənilərin sərbəst hərəkətlərinə «yaşıl işıq» yandıran «qırmızı ulduz»lular azərbaycanlılarla çox sərt rəftar edərək nəyə görə buraya gəldiklərini unudurlar. Adı çəkilən sənədlərin əsas bəndlərinə görə, Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri dərhal Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin sənədlərin imzalanmasından iki il keçməsinə baxmayaraq hələ də Ermənistanın terrorçu quldurları davamlı olaraq Azərbaycanın mövqelərini atəşə tuturlar. Hətta «sülhməramlı»nın gözü qarşısında mövqelərimizə qumbara atırlar.

Amma iki ildə baş verənlərdən də görünür ki, səbrin sonu heç də həmişə yaxşılıqla nəticələnmir. Dəfələrlə deyilməsinə , edilən rəsmi müraciətlərə baxmayaraq beynəlxalq konvensiyaların tələblərini pozan, Azərbaycana məxsus təbii sərvətləri vəhşicəsinə istismar edən Ermənistanın talançılığına şərait yaradan Rusiyanın sülhün mahiyyətini hələ də anlamayan «sülhməramlı»ları təbii ki, monitorinqin keçirilməsinə razılıq verməzlər. Ona görə də hesab edirik ki, necə deyərlər, evimizdə oturub bizə gözdağı vermək istəyənlərin gözlərinin oyulmasının vaxtı çatıb.

Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam etsə də etirazçıları «qarşılayan» yenə də əli silahlı «sülhməramlı»lar oldu. «Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı!» tələbləri cavabsız qalıb. Aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməyib. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını diqqətə çatdıran iştirakçıların «Rusiyanın «sülhməramlı» kontingentinin komandanı, general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir» tələbinə məhəl qoyulmur. Azərbaycanlı etirazçıların sivil qaydalara uyğun, dinc şəraitdə keçirdikləri aksiyanın qarşısını «Çin səddi» kimi kəsən, əraziyə əlavə olaraq ağır texnikalar gətirən Rusiyanın erməniməramlı kontingenti əllərindəki avtomatla azərbaycanlıya məxsus avtomaşına ciddi zərər vurub. Xocalı soyqırımını törədən keçmiş sovetlərə məxsus 366-cı alayın tərkibində olan dığaların övladları hazırda Qarabağda yerləşən «sülhməramlı»ların kontingentində görünürlər. Çox məntiqli bir sual cavabını gözləyir: Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanla 49 il müddətinə hərbi əməkdaşlıqla bağlı sənəd imzalayan, artıq dəfn edilmiş Minsk qrupunun həmsədri olsa da hər zaman işğalçını silah-sursatla təmin edən, Azərbaycana qarşı informasiya müharibəsinin önündə dayanan Rusiya necə «sülhməramlı» ola bilər.

Hiyləgər ermənilərdən alət kimi istifadə edərək yerlərini bərkitməkdə israrlı olan Rusiyanın Xankəndiyə göndərdiyi missioner, eyni zamanda, oyuncaq, qondarma qurumun «dövlət naziri» Ruben Vardanyanın açıqlamaları ilə «sülhməramlı»ların əməllərinin mahiyyət etibarilə eynilik təşkil etməsi də «İki boşqab, bir qaşıq, sonu yenə də bulaşıq» atalar məsəlinə bənzəyir. Amma məsləhət görərdik ki, vardanyanlar, «sülhməramlı»lar 44 günlük Vətən müharibəsini, «Dəmir yumruq», «Qisas», «Qətiyyətli cavab» əməliyyatlarını unutmasınlar. Azərbaycanın sülhməramlı məqsədi, problemin beynəlxalq hüquq normalarına uyğun həlli naminə göstərdiyi səylər, göstərdiyi təmkin Xarici İşlər Nazirliyimizin Rusiyaya verdiyi notadan da aydın görünür. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsi ciddi şəkildə diqqətə çatdırılır. Əgər Azərbaycanın tələblərinə əməl edilməsə «sülhməramlı»larla elə özlərinin anlaya biləcəkləri «sülh» dilində danışmaq məcburiyyəti yaranacaq. Necə deyərlər, artıq donuzun darıdan zorla çıxarılmasının məqamı yetişib. Babaları, « saqqal vergisi»nin müəllifi I Pyotrun «Parçala, hökm sur» vəsiyyətinin də hökmü artıq arxada qalıb. Şovinizmin illərdən bəri parçaladığı türklər indi Türk Dövlətləri Təşkilatı ətrafında birləşib, güclənib, qüdrətlənib. Bu sarsılmaz birliyin, Türkiyə-Azərbaycan qardaşlığının nəyə qadir olduğunu ölkəmizə qarşı birləşən Rusiya, İran, Ermənistan, Fransa kvarteti artıq anlamalıdır. Unutmasınlar ki, vaxt uzandıqca xınanın rəngi də tündləşir.

Xuraman İsmayılqızı, «İki sahil»