15 dekabr 2022 02:14
551

Azərbaycan-Türkiyə-Türkmənistan: Üçtərəfli əməkdaşlıq yeni mərhələdə

Son zamanlar beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslər bir daha təsdiq edir ki, dünya yenidən nizamı salınır. Məsələ ilə bağlı tanınmış yazar Nasif Hitti “Şarkul Avsat” qəzetində yazır: “Bu gün biz yeni dünya nizama digərindən ayırmağa kömək edən bütün tərəflər arasında münasibətlərin və qarşılıqlı əlaqələrin qayda və nümunələrinin aydınlaşdığı bir dövrdən keçirik”.

Bütün bunların fonunda son illər başda qardaş Türkiyə Cümhuriyyəti və Azərbaycan olmaqla türk dövlətləri də öz əməkdaşlıq əlaqələrini daha da genişləndirmək istiqamətində mühüm addımlar atırlar. Qırx dörd günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yaratdığı, beynəlxalq birlik tərəfindən qəbul edilən və dəstəklənən yeni reallıqlar ilə Türk Dövlətləri Təşkilatında əməkdaşlıq mahiyyətcə yeni mərhələyə keçib.

Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqların yaranması türkdilli ölkələrin əməkdaşlığına böyük töhfələr verib. Şübhəsiz, bu birliyin möhkəmlənməsində, təkmil, mütəşəkkil, işlək orqana çevrilməsində Azərbaycanın böyük rolu və payı vardır.

Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Türkmənistan Dövlət başçılarının Birinci Zirvə Görüşündə qəbul edilən Birgə Bəyanat bu birliyin daha da güclənməsinin əyani təsdiqi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışında bildirdi ki, üçlü zirvədə imzalanan sənədlər bu birliyi və əməkdaşlığı daha da genişləndirəcək. Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə çıxışında vurğuladı ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Son illər türk dövlətlərinin iqtisadi strateji münasibətlərinin dərinləşməsi fonunda ölkələrinin ikitərəfli və üçtərəfli formatda əlaqələr genişlənir.

Birmənalı demək olar ki, bu görüş Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatının inkişaf etdirilməsində önəmli rol oynayacaq. Nəqliyyat və tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkmənistanın enerji ehtiyatları baxımından zənginliyi Türkiyə ilə birləşərək hər üç ölkəni qlobal enerji mərkəzinə daşıyacaq. Həmçinin enerji, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Türkmənistan isə öz növbəsində kifayət qədər böyük qaz ehtiyatlarına sahibdir və bu resursların bir qisminin Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə bazarına çıxarılması mümkündür. Zirvə Görüşündə müzakirə olunan əsas məsələlərdən biri də Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa ölkələrinə ixrac edilməsidir. Ekspertlər qeyd edirlər ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutan bu görüş Xəzər hövzəsindən karbohidrogen, neft və təbii qazın Avropaya nəql edilməsibaxımından önəmlidir. Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq Şərq-Qərb Trans-Xəzər Nəqliyyat Dəhlizinin gücləndirilməsinə də töhfə verəcək.Təbii ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində nəqliyyat infrastrukturunun bərpası, eyni zamanda, Zəngəzur dəhlizinin açılması Şərq-Qərb marşrutu üzrə Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında nəqliyyat sisteminin şaxələndirilməsinə imkan verəcək. Bütövlükdə bu Zirvə Görüşü Azərbaycan,Türkiyə  vəTürkmənistan arasında ticarət, enerji, nəqliyyat sahələrində yeni addımların atılmasına geniş imkanlar yaradacaq.

 Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan Prezidentləri ilə geniş tərkibdə görüşün önməni vurğulayan ölkəmizin başçısı bildirdi ki, 2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Ölkəmizin başçısı qeyd etdi ki,Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Həmçin 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb.

Dövlət başçısı bildirdi ki, Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaradıb və hər üç ölkədə nəqliyyat-logistika sahəsinə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edib: “Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. Bu ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb”.

Zahid Rza, “İki sahil”