16 dekabr 2022 14:11
452

Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır

“Hərbi prokuror 5 il idi ki, işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırırdı, sonda bəlli oldu ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, ordumuzdan və qurbanlardan üzr istəməlidilər”.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisdə çıxışı zamanı deputat Zahid Oruc bildirib.

O qeyd edib ki, 5 ildən sonra alnıaçıq, lakin bədənləri zorakılıq izləri, qəlbləri incidilmiş adamları dövlət və cəmiyyət bağrına basmalıdır ki, haqlarını qaytara bilsin: “Tərtər kimi qəhrəman şəhərin adını ləkələmək istəyən, vətəndaşların hüquq sisteminə etibarını zədələyən adamlar sonda ifşa olundular. Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır”.

Deputat vurğulayıb ki, torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir: “Saya diqqət yetirin, “samosudçu”lar və Hərbi Prokurorluq bir taboru, xüsusi vurğulayırıq ki, bir taboru ermənilərin şantajına boyun əkməkdə ittiham edib. Belə adamlar nədən gedib Ermənistanda müstəntiqlik etmirlər? Hərbçilərə işgəncə verəndə düşmən sevinirmiş ki, onların gücü çatmadığı işi bunlar görür. Lakin Baş Prokurorluq sübut etdi ki, xəyanət dosyesi saxtadır.

O müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna kim inanar. Onlar xalqın etibarını itiriblər. Ona görə də Hərbi Prokurorluğu ləğv edib Tərtər işini ədalətlə sona çatdıran müstəntiqləri ora cəlb etmək MTN-dən sonra Dövlət Təhlükəsizliyi Xidməti kimi uğurlu nümunə yaradan ölkə rəhbərinin qərarını xatırlmatqda fayda var”.

Zahid Oruc qeyd edib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir: “Daha 12 nəfərlə bağlı da obyektiv qərar çıxarılacağına inanırıq. Nə qədər ki, cinayətkarlar azadlıqdadır, onların növbəti saxta casusluq və xəyanət ssenarisi ilə orduya və dövlətə qarşı qəsdlər davam edəcək”.