19 dekabr 2022 16:05
626

Yeni qanun siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət töhfəsini verəcək - Cavid Osmanov

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında üçüncü oxunuşdan sonra qəbul edildi. Məlum olduğu kimi, Parlamentdə təmsil olunan siyasi partiya  nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə bir neçə ay bundan öncə müraciət etmişdilər.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov qeyd edib ki, ölkəmizdə "Siyasi partiyalar haqqında" əvvəlki qanunun qəbul edilməsidən artıq 30 il keçib: “Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf edib və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilmişdir.”

YAP İdarə Heyətinin üzvü bildirib ki, yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilmiş,  həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır: “Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara  öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır. Qanun layihəsi ilə bağlı  siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilmişdir. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılmış səsləndirilmiş fikirlər sənəddə öz əksini tapmışdır.  Bir sözlə,  qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun  tələblərinə uyğun formada hazırlanmışdır.”

Deputat vurğulayıb ki, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır: “Odur ki,  qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq xalqın siyasi iradəsini ifadə edir. “Siyasi partiyalar haqqında” yeni qanun sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Yeni qəbul edilən Qanun çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək. “Siyasi partiyalar haqqında” qəbul edilmiş yeni  Qanun həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət töhfəsini verəcək.”