Dövlət başçısı İlham Əliyev Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimində bir daha bildirdi ki, məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək bu əminliyi ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişafa töhfələr veriləcək. 2003-cü ildən bu günə qədər ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 19 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkəmizin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan mühüm sənədlər sırasında dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün aparılması oldu. Həmin bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki, bunlarda biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu hədəflər açıqlanır ki, strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq, ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması da qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə birgə nail olmağa öz müsbət təsirini göstərəcək. Sazişin imzalanması mərasimində «Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan ölkəmizin strateji investorlarının biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Ölkəmiz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.
Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. Cənab İlham Əliyev bu sazişə də diqqəti yönəltdi ki, iki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq.
Azərbaycan enerji tərəfdaşlarının sayı günbəgün artır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana mütəmadi yeni dostlar və tərəfdaşlar qazandırır. Bu isə öz növbəsində səylərin birləşdirilməsini, hər bir ölkənin öz təcrübəsini ortaya qoymasını bir tələbə çevirir. Buxarestdə Sazişin imzalanması mərasimində «Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər» söyləyən Prezident İlham Əliyev bu çağırışı ilə birgə addımların atılmasının davamlı uğurlara yol açdığını təsdiqləyir. Azərbaycanın müəllifi və təşəbbüsçüsü olduğu enerji layihələrinin hər birinin uğurlu sonluqla başa çatması da deyilənlərin təsdiqidir.
Ümummilli lider Heydər Əliyev neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirib. Azərbaycan bu sahədə ilklərə imza atan ölkə kimi dünyanın diqqətində olub. Hazırkı dövrün əsas çağırışlarından təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılmasıdır ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Elmi inkişaf etdirən ideyalardır. İqtisadiyyatın elmi əsaslara söykənməsi yeni texnologiyaların inkişaf etdirilməsini və tətbiqini bir zərurətə çevirir. Mövcud olan ənənələr və prioritetlər ölkəmizin enerji sektorunun ən müasir texnologiyaların tətbiqi ilə yeni istiqamətlərdə inkişaf etdirilməsi üçün də əlverişli imkanlar yaradır.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edən Avropa Komissiyasının rəsmisi bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı həm strateji enerji davamlılığı, həm də yaşıl enerji ambisiyalarımıza mühüm töhfə kimi görürük. Enerji sistemlərimizin struktur transformasiyasının sürətləndirilməsi, enerji səmərəliliyi istiqamətində səylərimizin, məhsuldarlığımızın, iqtisadi artımın və sənaye bazamızın gücləndirilməsi, həmçinin 2050-ci ilə qədər ölkələrimizin iqlim neytrallığı yoluna qədəm qoyması baxımından Azərbaycan və beynəlxalq tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirik.
Bu fikirlər Azərbaycanın beynəlxalq aləmdə artan rolunun aydın ifadəsini yaradır. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələri ilə hər zaman olduğu kimi, bu gün də diqqətdədir.
Yeganə Əliyeva, «İki sahil»
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışlayırıq