Vətən müharibəsindən sonra regionumuzda siyasi gündəmin bütün əsas mövzularının məhz Azərbaycanın diktəsi ilə müəyyən edildiyi artıq mübahisəsizdir və hər kəs bununla hesablaşır. Regional siyasi gündəmin mövzuları bir neçə istiqamətlidir ki, bunların arasında erməni revanşizminin cilovlanması ümdə xarakter daşıyır. Bu mövzunu da ilk dəfə Azərbaycan Prezidenti qaldırdı və hamını inandırmağa çalışdı ki, sülh sazişi və sərhədlərin dəqiqləşdirilməsi qədər revanşist qüvvələrin qabağının alınması da vacibdir və heç bir halda onların Ermənistanda yenidən siyasi üstünlük götürməsinə imkan vermək olmaz. Zatən bu sadə məntiqlə izah oluna bilən reallıqdır. Dünya tarixində ən ideal mətnlə sülh sazişi imzalayın, Azərbaycan-Ermənistan sərhəddinə hündür beton bloklar düzün, effekti davamlı olmayacaq, Yerevanda hakimiyyətə revanşistlər gələn kimi qarşılarında hətta Çin səddi də olsa, onunla hesablaşmayacaqlar və hər şeyi vurub keçəcəklər. Çünki onların planları məhz bu yollardakı bütün maneələri, o cümlədən sülh sənədlərini məhv etmək, daimi gərginlik ocağının mövcudluğu barədə görüntü yaratmaqdır. Deməli, Ermənistanda qisasçı qüvvələrin qarşısı alınmasa, sülh və təhkükəsizliyin heç bir dayanıqlı perspektivindən danışmaq mümkün deyil.
Vətən müharibəsindən ötən iki ildə aydın ğöründü ki, Ermənistanda revanşistlərin qəti blokadaya alınmasında maraqlı olan tək qüvvə Azərbaycan və Türkiyədir. Qalan bütün ölkələr məsələyə bugünkü və ya sabahkı maraqlar deşiyindən baxır,qətiyyətli mövqe tutmur, "birdən gələcəkdə erməni revanşistləri karımıza gələ bilər" prinsipi ilə hərəkət edirlər.
Müharibədən sonra Ermənistanda revanşistlərin siyasətdən təcrid edilməsi barədə Prezident İlham Əliyevin birbaşa çağırışlarlarını yəqin ki, xatırlayırsınız. Prezidentimiz dəfələrlə açıq dedi ki, mahiyyətli və məqsədə dəqiq yönəlmiş sülh danışıqları ilə paralel olaraq, Ermənistanın içində də iş aparılmalıdır, revanşistlər siyasi proseslərdən təcrid edilməlidir, erməni cəmiyyəti qonşularla sülh içində yaşamağa hazırlanmalıdır. Çağırışın kimlərə ünvanlandığı açıq göstərildi, bunun ilk əvvəl ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrlərinə yönəldiyi gizlədilmədi. Hətta keçmiş Minsk Qrupunun həmsədrləri formatına heç bir ehtiyac qalmadığını bəyan edən İlham Əliyev bu üç ölkənin bölgədə yeni reallıqlar şəraitində görə biləcəkləri və görməli olduqları işin miqyasını da çəkdi. Bildirdi ki, keçmiş Minsk Qrupunun bölgədə işi daha bitdi, indiyədək heç nə edə bilmədilər, əgər bundan sonra nəsə etmək istəyirlərsə ermənilər tərəfindən dağıdılmış bölgənin bərpasına dəstək versinlər, Ermənistanda revanşistlərin hakimiyyətə qayıtmaq cəhdlərinin qarşısını alsınlar....
Bəs, Azərbaycan Prezidentinin birmənalı qoyduğu bu çərçivə necə icra olundu? Yerevanda revanşistlərin qarşısı alındımı? Xankəndində revanşistlərin qondarma hakimiyyətinə son verildimi? Yox! Əksinə, Yerevanda revanşistlər gündən-günə siyasi hakimiyyət olimpinə doğru irəlilədi, Xankəndində isə yerli revanşistlərə rus milyarderin timsalında yeni daha güclü müttəfiq və arxa oyinçu tapıldı. Fransa və digər havadar ölkələr də kənarda qalmadılar və "biz Ermənistanın yanında həmişə olacağıq" kimi həyasız bəyanatlarla revanşistlərin yanında dayandılar. Bu gün Laçın yolunda Azərbaycanın öz haqqına sahib çıxması uğrunda apardığı mübarizəyə "Qarabağ ermənilərinə genosid hazırlanır" kimi iyrənc böhtan çamuru atılır, sülhdən danışan bir sıra bəlli ölkələr isə bu çamuru ləzzətli qida əvəzinə məmnunluqla qəbul edirlər. Beləliklə, erməni cəmiyyətini sülhə hazırlamaq çağırışları "...yanların və makronların əcaib simbiozu" tərəfindən həyata vəsiqə almamış qətlə yetirildi...
Bu şəraitdə vəziyyəti və gələcək mənzərəni dəqiq qiymətləndirən Prezident Əliyev erməni revanşına qarşı yeni daha güclü taktiki və strateji planlarını işə saldı...Burada həmin planların ana xəttini təşkil edən üç mühüm faktdan danışmaq lazımdır.
Birincisi, hələ sentyabr ayında ermənilərin təxribatına cavab olaraq Kəlbəcər-Laçın istiqamətində vaxtilə Azərbaycanın əlində olmuş bir neçə strateji mövqelər yenidən ələ alındı.
İkinci, azı 40 milyonluq Cənubi azərbaycanlıların hüquq və təhlükəsizliyi, milli özünəməxsusluğunun saxlanması Azərbaycanın yeni tarixi mərhələdə dövlət siyasətinin vacib istiqamətlərindən biri elan olundu.
Üçüncü, bu günlərdə Ermənistandan son yüz ildən çox müddətdə vəhşicəsinə qovulmuş bir milyondan artıq azərbaycanlının öz tarixi vətənlərinə qayldışı Azərbaycanın rəsmi dövlət siyasətinin prioritetləri slrasına daxil edildi...
Prosesləri ardıcıl izləyənlər üçün bu üç böyük hadisənin müəllifinin Prezident İlham Əliyev olduğunu sübut etməyə ehtiyac yoxdur..
İlham Əliyev hər üç istiqamətdə əldə olunmuş və olunacaq nəticələrin çox uzaq, strateji hədəflərə yönəldiyini gizlətmir. Cənubi azərbaycanlı soydaşlarımızın milli identikliyinin qorunması barədə Prezidentin fikirlərini bir daha xatlrlayaq. Prezident cənublu qardaşlarımızın ana dilində təhsilinin olmamasını milli dilin itirilməsi təhlükəsi kimi qiymətləndirdi, cənubun tarixini, dilini, mədəniyyətini, adət-ənənəsini qorumağı Azərbaycan dövlətinin vəzifəsi kimi müəyyən etdi. İndi bu fakta söykənərək daha uzaq, strateji mənzərəni görməyə çalışaq. Əgər İran molla rejimi erməni separatizminin, erməni revanşizminin əsas sponsorlarından biridirsə, güclü "Cənubi Azərbaycan faktoru" gələcəkdə erməni revanşizminin qarşısında heç şübhəsiz , böyük çəkindirici və qorxuducu qüvvə rolu oynayacaq. Bir az da dərinə getsək, "güclü Cənubi Azərbaycan faktoru, bəlkə də "Vahid Azərbaycan" faktoru erməni revanşizmini İran rejimi kimi bir dəstəkçi qüvvədən məhrum edə bilər. İlham Əliyevin öz strateji düşüncələrində bu böyük perspektivin daha konkret detallarını gördüyünə və hesabladığına şübhə edilə bilməz...
Prezidentimizin sentyabr döyüşlərində yenidən nəzarətimizə qaytarılmış sərhəd mövqeləri barədə dediklərinə də eyni bucaqdan baxmalıyıq. Prezidentimiz hazırda Kəlbəcərdəki mövqelərdən Naxçıvan dağlarının, Böyük Göyçənin binokulsuz göründüyünü və Kiçik Göyçənin sahillərində olduğumuzu xatırlatması təsadüfi detallar deyil. Binokl məsələsi də səbəbsiz deyil. Prezidentin nəyə eyham vurduğunu peşəkar hərbiçilər yaxşı başa düşdülər, elə ermənilər də...İlham Əliyev bu mövqelərdə bir sıra gələcək təhlükələrdən qoruna biləcəyimizi dedi, revanşistlərin müharibə planlarına qarşı "bütün dislokasiyalarınızı görürük və istənilən əks hücumla düz Yerevana çıxa ,vura bilərik" kimi kontur qoydu..
Nəhayət, Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışının İlham Əliyev tərəfindən dövlət siyasətimizin mühüm istiqaməti elan edilməsinə təkcə tarixi ədalətin ,milyondan çox azərbaycanlının haqqının bərpası kimi baxmaq kifayət deyil. Həm də daha uzaq hədəfə tuşlanmış bu bəyanat erməni revanşizminin qarşısında keçilməz sədd olmaq xarakteri ilə diqqət çəkir. Təsəvvür edək ki, müasir Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olmasının təsdiqi yönümündə dünya miqyaslı prosesi məhz Prezidentimizin dediyi Tədbirlər planı üzrə başlatdıq, hüquqi-siyasi müstəvidə iş başladı, bu tarixlər dünya parlamentləri və hökumətlərin dilinə düşdü, bütün bunların revanşist qüvvələrə necə bir təzyiq gücü ola biləcəyini ehtimal edə bilirsinizmi? Azərbaycan Prezidentinin başlatdığı "Qərbi Azərbaycan prosesi" erməni revanşizmini kiçik və təsirsiz bir təzahür halına salacaq. Onlar Qarabağı öz revanşlarının mərkəzi hədəfi mövqeyinə çıxarmağa çalışdıqları bir anda başlarını qaldıracaqlar ki, Qarabağ bir yana, paytaxt Yerevanın üzərində belə təkbaşına nəzarəti və ya sahiblik hüququnu itirmək təhlükəsi ilə üz-üzə qalıblar..
Bunlar indi fantastik görünsə də, gələcəyə hesablanmış planın real tərkib hisdələridir.
Aydın Quliyev