30 dekabr 2022 00:58
848

Xoş gəlirsən, 2023-cü il!

Yeni il bütün arzuları arzuları gerçəkləşdirən, xoşbəxtliyin hər kəsi qucaqladığı ən uğurlu il olsun!

Təkcə təqvimi deyil, ruhumuzu, əhvalımızı da qırmızı  rəngə boyayan tarix -31 dekabr. Bu, o deməkdir ki, köhnə illə vidalaşıb, təzə ili salamlamaq zamanı çatıb. Yaşatdığı acılı-şirinli anlardan asılı olmayaraq daha bir ilin sonuna gəlib çatdıq... Sevmək və sevilmək, inanmaq, uğur qazanmaq, ümid etmək, mərhəmət və qayğı göstərmək, xoşbəxt olmaq, gəzmək, gülmək, əylənmək, yaş üstünə yaş gətirmək,  bir sözlə, həyatın dadını doya-doya çıxarmaq üçün təqvimdə 2023 başlıqlı yeni səhifə açılır… Qoy, Yeni il öz qələmi ilə hər kəsin ömür kitabına biri-birindən gözəl və unudulmaz günlər yazsın...

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş müjdələr, uğurlar, xoşbəxtlik arzusu ilə gözləsələr də bayramı hər xalq öz adət-ənənəsinə uyğun qarşılayır. İnsanlar Yeni il kimi bayram etdikləri bu əziz gündə deyib-gülür, şənlənir, qonaq gedir, qonaq qəbul edirlər. Küçələrdə, mənzillərdə küknarlar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər.  Yeni il əsrlərdən bəri Azərbaycan xalqı tərəfindən də əziz bayramlardan biri kimi sevinclə qeyd edilir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşır, həvəslə bayram süfrələri açırlar.

Dekabrın son günü bayramları da bir-birinə qovuşdurur...

Yeni illə könhə ilin qovuşduğu gün xalqımız üçün daha əlamətdardır. 31 Dekabr - xalqımızın tarixinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi yazılıb. Bu günü xalqımıza bəxş edən ulu öndər Heydər Əliyevin arzu və istəklərindən biri məhz Azərbaycan adlı Vətənindən uzaq düşmüş soydaşlarımızın birliyini yaratmaq idi. Bu müqəddəs birliyə nail olan Ümummilli Liderin gerçəkləşən hər bir ideya və arzusu Azərbaycanımızın sabahının bugünündən də işıqlı, nurlu, güclü olmasına, azadlığının və müstəqilliyinin möhkəmləndirilməsinə hesablanıb. Həmin müqəddəs amala söykənən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə, uğurla davam etdirilir.

Yeni il bayramı ərəfəsində xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük həvəslə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr düzənlənir. Həmin gün dünyanın müxtəlif guşələrində olan soydaşlarımız yenidən bir araya gələrək görülmüş işləri saf-çürük edir, gələcək üçün yeni planlar qururlar. Son illərdə xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz güclərini dünya türk təşkilatlarının gücünə qataraq daha da qüvvətləniblər və öz sözlərini daha cəsarətlə deyir, haqq səsimizin dünyada daha yüksəkdən səslənməsini təmin edirlər. 

2023-cü il bizə nə vəd edir?

2023-cü il rəqəmlərin birləşməsində yeddini təmsil edir. Yeddi mənəvi yüksəlişin, sevgi və romantikanın, ailə dəyərlərinin simvoludur. Yeddi uğurlu rəqəmdir və fəaliyyətdə sərbəstlik verir. Ona görə də ən cəsarətli ideyaların, planların həyata keçirilməsi üçün ən uğurlu il gəlir. 2023-cü il Qara Su Dovşanı və ya Pişik ilidir. Qədim əfsanələrə görə, Dovşan İli Şərq simvolları arasında şərəfli yeri tutur.  Proqnozlara görə, gələn il insanlara çoxlu yaxşılıq, romantika, ünsiyyət və sadə ailə xoşbəxtliyi vəd edir. Dovşan ili Çin ulduz falının 12 illik dövründə dördüncü yerdədir, Şərq təqvimində ən xoşbəxt il hesab olunur. Ehtimal olunur ki, 2023-cü ildə istənilən münaqişə və fikir ayrılıqları həmişəkindən daha tez aradan qaldırılacaq. Astroloqlar 2023-cü ilin sakit və ahəngdar olacağını söyləyirlər. Çünki dovşan özü mehriban, mülayim, qayğıkeş bir varlıqdır. Təhlükəsizlik və şəxsi əmin-amanlığın saxlanılması bütün il boyunca çoxları üçün əsas dəyərlər olaraq qalacaq. Burada məsələ eqoizm yox, yaxınlarınız üçün narahatlıq, həyəcan və böyük zəhmət bahasına əldə edilən dəyərlərin itirilmə qorxusudur. Gələn il bir çox insan hadisələrin nəticələrini sonradan anlayacaq. Odur ki, səhvlərini etiraf etməli və düzəltməli olacaq.

Yeni il özü ilə yeni arzular, yeni ümidlər gətirir…

Yola saldığımız 2022-ci il Azərbaycan üçün siyasi, iqtisadi, sosial, mədəni uğurlarla əlamətdar oldu. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası olduqca genişdir. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır. Ümidvarıq ki, qədəm basacağımız 2023-cü il ölkəmiz, üçün düşərli, uğurlarımız davamlı olacaq. Bu yolda gözləntilərimiz və hədəflərimiz böyükdür. 

Yeni ilin xeyirli, düşərli, dərd-kədərsiz, bütün problemlərin həllində açar ili olmasını arzu edirik. Yeni ilimiz həm bizə, həm də bütün dünyaya, tərəqqipərvər bəşəriyyətə ancaq və ancaq sülh, sevinc, səadət bəxş etsin, bütün insanların üzü gülsün! Hər bir Azərbaycanlıya sülh şəraitində, hüzur və rifah içərisində yaşamağı arzulayırıq. Qoy 2023-cü il hər bir soydaşımızın həyatına yeni-yeni nailiyyətlər gətirsin.  Yeni ildə Xalqımıza həmrəy olmağı və bütün sahələrdə yeni uğurlar qazanmağı arzulayırıq. Bayramlarımız mübarək olsun! Ətrafınız sevgi dolu insanlarla əhatələnsin. Ölkəmizdə daima əmin-amanlıq, firavanlıq, sülh hökm sürsün. Yeni illərdə güllərlə dolu günlərin tikanları sizi düşmənlərdən qoruyan sədlər olsun. Yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə hər bir vətəndaşımızı səmimi qəlbdən təbrik edirik. Ailələrinizə uzun ömür, möhkəm cansağlığı, unudulmaz xoşbəxtlik, bol  ruzi-bərəkət arzulayır, əmin-amanlıq, firavan həyat, yeni uğurlar və nailiyyətlər diləyirik!

Yaqut Ağaşahqızı, “İki sahil”