31 dekabr 2022 00:58
1734

Şaxta babanın vətəni

Doğrudur, yer kürəsində elə bir ölkə yoxdur özünü Şaxta babanın vətəni bilməsin. Məhz buna görə də bütün bəşəriyyət tərəfindən yeni il böyük sevinc, fərəh hissi ilə qarşılanır. Tarixdə isə bayramın ilk dəfə qeyd olunduğu yerı Mesopotamiya meydanı deyilir. Bu da təqribən 25 əsr qabaq olmuşdur.

Sonra əsrlər keçdikcə, müxtəlif vaxtlarda Finlandiya, Danimarka, Norveç, Türkiyə, Çin Şaxta babanın vətəni olmaq missiyasını öz üzərinə götürüblər. 1998-ci ildə isə məlum olur ki, Şaxta babanın dünyaya göz açdığı yer Rusiyanın Voloqod vilayətinin qədim yaşayış məskəni Böyük Ustyuqdur. Beləliklə bu ərazi Şaxta babanın əsl vətəni elan edilir.

Məlumat üçün bildirək ki, Böyük Ustyuq Voloqodun şimal-şərqində Suxonı və Yuqa çayları arasında yerləşir. Qədim tarixə malik rus şəhəri paytaxt Moskvanın həmyaşdıdır. Salınma tarixi 1147-ci ilə gedib çıxır. Şəhərə mehman olanlar onun baş fasadı sayılan böyük kilisə, zəngin, çox da hündür olmayan qədim yaşayış binaları ilə qarşılaşır. Şəhərə gedən yolun 15 kilometrliyində Şaxta babaya möhtəşəm bir heykəl qoyulub. Bundan başqa şəhərdə Şaxta babanın adını daşıyan, ondan bəhs edən muzey, poçt, ev, xeyli sayda müxtəlif görkəmdə kotteclər, qış oyunları üçün meydan, attraksion, sauna, hovuz, bilyard zalı ... fəaliyyət göstərir. Hətta burada Şaxta babaya məxsus “Berendey” adlanan xüsusi təyinatlı mağara da vardır.

Böyük Ustyuq şəhərində hər dəfə yeni ili qarşılamaq üçün hərtərəfli hazırlıq görülür. Bu işlərlə məşğul olmaq insanlara şənlik və xoşbəxtlik gətirir.

Mənim də birinci arzum xalqımı xoşbəxt görməkdir...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü