Bədəninə döymə vurulduqdan sonra onları sildirmək istəyənlərin sayı kifayət qədər çoxdur.
"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, xüsusilə köhnə döymələr müəyyən müddətdən sonra köhnə quruluşunu və gözəlliyini itirir, solur və ya dağılır. Əvvəllər döyməni silmək çox çətin olsa da, indi inkişaf edən lazer texnologiyası sayəsində döymələri asanlıqla silmək mümkündür.
Türkiyəli həkim-dermatoloq Bilgə Atəş bildirib ki, ümumiyyətlə, istənilən döymə silinə bilər: "Rənginə görə döymələrin silinməsi çox asan və ya çətin ola bilir. Qara döymələri silmək daha asandır. Rəngli döymələr arasında silinməsi ən çətin iki rəng isə yaşıl və qırmızıdır. Çapıqlara meyilli insanlarda bəzən silinmiş nahiyədə şişlik ola bilər, lakin onlar artıq döymə etdirdikləri zaman bu şişlik döymə sahəsində də yaranmışdır. Bunun xaricində bəzən döymə şəklinə uyğun ağ ləkə də ola bilər. Ancaq heç bir iz olmadan silinmə nisbəti çox yüksəkdir”.
Dermatoloq eyni zamanda qeyd edib ki, döymənin lazerlə silinməsi piqmentli dəriyə lazer işığı enerjisinin ötürülməsiylə olur: "Bu ötürülmə hədəflənmiş döymə mürəkkəbini kiçik hissəciklərə bölərək ətrafdakı toxumalara zərər vermir. Qırılan mürəkkəb hissəcikləri daha sonra təbii metabolik proseslər vasitəsilə orqanizm tərəfindən sorulur və məhv edilir".