05 yanvar 2023 23:19
395

Onların qəhrəmanlığı tarixdə əbədi qalacaq

Azərbaycanın hərb tarixinin şanlı qələbələrindən olan uğurlu Horadiz əməliyyatının 29-cu ildönümü qeyd edildi

Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən olan uğurlu Horadiz əməliyyatından 29 il ötür.

Bununla əlaqədar yanvarın 5-də Horadiz əməliyyatının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edildi və üzərinə gül dəstələri düzdülər.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Horadiz əməliyyatı zamanı qəhrəmancasına həlak olan Elxan Zülfüqarovun məzarını ziyarət etdilər. Şəhidin ruhuna dualar oxundu, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüldü.

Uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun Horadiz qəsəbəsinin ermənilərdən azad olunmasında iştirak edən 702-ci briqadanın komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı: “Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.

Ş.Ramaldanov vurğuladı ki, Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail oldu: “Ordumuz həmin döyüşlərdə düşmənə öz gücünü göstərdi. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirildi. Ağır itkilər verən düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu.”

Ş.Ramaldanov çıxışında, həmçinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbədən danışdı.

Horadiz əməliyyatı zamanı Füzuli döyüş briqadası komandirinin müavini, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov çıxışında 1994-cü il Horadiz əməliyyatı zamanı, həmçinin 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfərindən sonra 2020-ci il sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun şanlı qələbələrindən danışdı. Şəhidlərimizə Allahdan rəhmət diləyən Ü.Cəfərov bildirdi ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı erməni ordusu haqqında uydurulan mifləri alt-üst etdi. Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kənd işğaldan azad edildi.

Sonra tədbir iştirakçıları İkinci Fəxri xiyabana gələrək torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzdülər, onlara Allahdan rəhmət dilədilər.

Cavid Əkbərov, “İki sahil”