12 yanvar 2023 03:27
757

Paşinyanın ağılsız "gedişləri"

Nikol Vovayeviçin ata-babaları bu qələti qırmağa cəsarət etməmişdilər

Mətbuatda məlumat verildiyi kimi, Ermənistanda Rusiya əleyhinə kütləvi etirazlar ara vermir. Son günlər sayca daha böyük etirazçı dəstəsi Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ətrafından çəkilmir. Onlar bazanın qarşısında "Rədd olun!", "Bizi qorumursunuzsa, lazım deyilsiniz!" və bu kimi şüarlar səsləndirir, yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürürlər. Bundan xəbər tutan Moskva Ermənistan hakimiyyətindən narazılığını ifadə edir. Ancaq hələlik mətbuat və televiziya vasitəsi ilə.

"Ağanın" qəzəbindən qorxan və özünü "sığortalamağa" çalışan baş nazir Nikol Paşinyan polisə Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yaxınlığında keçirilən aksiyada iştirak edənləri həbs etmək əmri verməklə Kremlə göstərmək istəyib ki, guya onun bu aksiya ilə heç bir əlaqəsi yoxdur. Ancaq Kreml və onun Ermənistandakı əlaltısı olan “Qarabağ klanı” fərqli düşünür. Onlar hesab edirlər ki, etiraz mitinqləri baş nazirin gizli razılığı ilə təşkil olunub. Axı, İrəvanda Rusiyanın kifayət qədər geniş casus şəbəkəsi var.

Xatırladaq ki, üç gün əvvəl Gümrüdəki Rusiya hərbi bazasının önündə Milli Demokratik Qütb hərəkatının üzvləri etiraz aksiyası keçirib və Rusiya Prezidenti Vladimir Putinin ünvanına təhqirlər səsləndirilib.

 Keçmiş prezidentlər Robert Koçaryanın və  Serjik Sarkisyanın təsiri altında olan “Qarabağ klanı” simasında müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın baş naziri etiraza şərait yaradıb. Burada həqiqət payı var. Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi. İkincisi, Nikol Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Halbuki yol heç də bağlı deyil. Vurğulayaq ki, Gümrüyə gedən erməni etirazçılar özlərini o qədər güvənli hiss ediblər ki, hətta Rusiya hərbi bazasını mühasirəyə almağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “baxın, biz də sizin yolunuzu bağlaya bilərik”. Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya Prezidenti Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirilib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın gizli arzularını və düşündüklərini dilə gətiriblər.

Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Onlar bilirlər ki, Ermənistanın "keçi su bulandırması" Rusiyadan qopub Qərbə üz tutmaqdır. Dörd ildən artıqdır ki, Paşinyan ABŞ-ın və Qərbin onun qarşısına qoyduğu həmin layihənin həyata keçirilməsi ilə məsuldur. Məhz buna görədir ki, Paşinyan ona qurulmuş tələlərdən və labirintlərdən salamat çıxa bilir.

Paşinyanın məntiqinə görə, Rusiya Azərbaycana təzyiq tətbiq etməyibsə, Ermənistanla Qarabağı birləşdirən yolda azərbaycanlı etirazçılara qarşı güc tətbiq etməyi lazım bilməyibsə, üstəlik Azərbaycanla təmas xəttindəki döyüşlərdə Ermənistanı dəstəkləməyibsə, demək, İrəvanın belə bir müttəfiqə ehtiyacı yoxdur. Ancaq Paşinyan daha da irəli gedərək “Rusiyanın Ermənistanda hərbi bazasına ehtiyac yoxdur” fikrini təlqin etməyə başlayıbsa, bu, Kremldə İrəvanın Rusiya ilə münasibətlərdə “qırmızı xətt”i aşması kimi dəyərləndiriləcək”. Qısaca desək, güclü oyunçuların qarşısında piyada olan Paşinyan sözün əsl mənasında odla oynayır. Bu ağılsız “gedişlər” məğlub və zəif ölkəni "seytnota" və "nokauta" sala bilər.

Hazırkı situasiyada növbə Kremlindir. Şübhəsizdir ki, rəsmi Moskva baş nazir Nikol Paşinyanın əl-qolunu sallayıb Rusiyadan sakitcə üz çevirib getməyinə razı olmaz. Yəqin ki, onun "ağıllandırılması" və sərt cəzalandırılması üçün "lazımi tədbirlər" müəyyənləşdirilib. Rusiyadakı narazı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan Ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar. Ancaq şübhəsiz ki, Rusiya şəkkak Ermənistanı və onun başçısını digər cəzalara da "qonaq" edəcək. Çünki Nikol Paşinyan elə böyük qələtlər qırıb ki, heç onun ata-babaları Rusiyaya iki yüz illik müti nökərçilikləri dövründə o qələtləri qırmağa cürət etməmişdilər.

İndi Ermənistan fırtınalı dənizdə istiqamətini itirmiş gəmi kimi onu faciələr gözləyən məchul sahilə doğru irəliləməkdədir. Axırı betərindən gəlsin!

Vəli İlyasov, “İki sahil”