12 yanvar 2023 01:09
785

Artıq Vardanyan ermənilər üçün arzuolunmaz şəxsdir

Xankəndidə məskunlaşmış milyarder Ruben Vardanyan ermənilərin gözlədiyi kimi, nəinki milli qəhrəman olmadı, əksinə, onlara ciddi problemlər yaşadan arzuolunmaz şəxsə çevrildi. Çünki aclıq və səfalət içərisində yaşayan ermənilərin vəziyyəti onun gəlişindən sonra daha da ağırlaşıb. İndi ermənilər buradan qaçmaq istəsələr də separatçı rejimin silahlı tör-töküntülərinin hədələri və zorakılığı ilə üzləşirlər. Artıq anlayırlar ki, ya Azərbaycan dövlətinin himayəsinə keçib onun şərtlərini qəbul etmək, ya da buradan köçüb getməlidirlər.

Xüsusilə bir aya yaxındır ki, azərbaycanlı ekofəalların  Xankəndi -Laçın yolunda ermənilərin ekoloji terroruna qarşı başlatdıqları aksiya onların canına üşütmə salıb. Ona görə ki, artıq bu yolda  heç nə onların istəklərinə uyğun getmir. Yəni, azərbaycanlıların dinc aksiyası ilə bu ərazidə yeni və daha fərqli mərhələ başladılıb. Nəinki Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər, hətta bütün dünya erməniləri anlayırlar ki, bu xına o xınadan deyil. Azərbaycanın Xankəndi şəhəri, həmçinin ətraf  rayon və qəsəbələri erməni separatçı və terrorçu dəstələrindən birdəfəlik təmizlənəcək. Çünki regionda baş verən bütün proseslər məhz Azərbaycanın hərbi-siyasi iradəsinə uyğunlaşdırılmaq ərəfəsindədir.

Bəli, bu gün Azərbaycanın ictimai fəallarının Xankəndi- Laçın yolunda keçirdiyi dinc aksiya erməni terrorizminə qarşı mübarizədə kifayət qədər təsirli metoddur. Hər halda, ekofəalların dinc aksiyasına qarşı erməni təbliğatının iflasa uğradığı açıq-aşkar ortadadır. Hətta Xankəndi və ətraf bölkələrdəki silahlı erməni separatçı-terrorçular beynəlxalq aləmdə şikayətlərinə gözlədikləri reaksiyanı ala bilmədiklərindən ciddi şəkildə narazıdırlar.

Ermənilər iddia edirlər ki, guya Xankəndi-Laçın yolundakı dinc aksiya   onları «blokadaya» salıb. Halbuki, bu yolda hər hansı blokadanın olmadığı foto və videofaktlarla birmənalı şəkildə sübuta yetirilib. Yəni, ərzaq və digər ehtiyac ləvazimatlarla yüklənmiş avtomobillərin hərəkətinə azərbaycanlı ekofəalların  maneə olmadığı aydın şəkildə görünür.

Xüsusilə ermənilər artıq aydın şəkildə anlayırlar ki, güclü Azərbaycanın ədalətli tələbləri ilə razılaşmaqdan başqa imkanları qalmayıb. Əks halda onları yüzlərlə ruben vardanyanların maliyyəsi, boş vədləri xilas etməyəcəkdir. Ən başlıcası isə bu dinc aksiya həm Rusiya sülhməramlılarına,  həm də Ermənistana anlatdı ki, Laçın yolunun hətta hərbi vasitələrlə də bağlanması Azərbaycan üçün elə də çətin məsələ deyil. Yəni, Laçın yolu Azərbaycanın suveren ərazisi olduğundan beynəlxalq hüquq normalarına görə heç kim buna müqavimət göstərə bilməz.

Eyni zamanda, Ermənistanın və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni separatçı-terrorçuların Laçın yolundan hərbi məqsədlərlə istifadəsinin də qarşısı alınıb. Bundan sonra işğalçı ölkə Azərbaycanın Xankəndi və ətraf bölgəsinə silah-sursat və canlı hərbi qüvvə keçirə bilməyəcək. Bununla da Ermənistan ordusunun bölgədəki tör-töküntülərinin silahla təminatı da xeyli dərəcədə azalacaq.

Nəhayət, mövcud situasiya separatçı-terrorçuların rəhbərləri ilə Xankəndi və ətraf bölgədə yaşayan dinc erməni əhalisi arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Çünki Xankəndi- Laçın yoluna nəzarət davam etdikcə, maliyyə qaynaqları qapadılan cinayətkar Araik-Vardanyan cütlüyünün yerli əhalinin ehtiyaclarını ödəmə imkanları tükənəcək və nəticədə onlardan narazılıq pik həddinə çatacaq. Artıq yerli ermənilər arasında da mövcud situasiyadan yeganə çıxış yolu kimi, məhz Azərbaycan Respublikasının  vətəndaşlığını qəbul etməyə yönəlik çağırışlar eşidilməyə başlanılıb.

Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu məqama toxunaraq  bildirib: « Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, - o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, - onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.

Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır.»

Elçin Zaman, «İki sahil»