12 yanvar 2023 11:37
631

Ölkəmizdə müasir idman infrastrukturu yaradılıb

Məlum olduğu kimi, mötəbər idman tədbirlərində Azərbaycan idmançılarının iştirak etmələri və qazandıqları möhtəşəm qələbələr hansısa təsadüfün nəticəsi deyildir. Vurğulamaq lazımdır ki, bu sahədə dövlətin yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlıq və məsuliyyəti durur.

Ölkəmizdə idmana qayğı və diqqət Respublikanın müstəqilliyinin bərpasının elə ilk illərindən - 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlamışdır. Müxtəlif sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara qatılması, dövlətimizi layiqincə təmsil etməsi üçün addımlar atılmağa başlamışdır. Azərbaycan idmançılarının Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət almışdır. Qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman ölkəsi kimi tanınmaqdadır. 

Diqqətəlayiq haldır ki, yeni müstəqil ölkə olmasına, müstəqillik dövründə ağır sınaqlardan keçməsinə baxmayaraq, Azərbaycanda idmanın kütləviləşdirilməsi işi böyük ölçüdə təmin edilmişdir. Uşaqların, yeniyetmələrin, gənclərin idmana marağı ildən-ilə artır. Bu isə ondan irəli gəlir ki, müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər ardıcıl olaraq davam edir, yeni-yeni idman qurğuları inşa edilir, köhnələri bərpa olunur. Artıq elə bir bölgə yoxdur ki, orada bədən tərbiyəsi və idmanın inkişafı prioritetlər sırasında olmasın. Özü də bu, son hədd deyil. Ayrı-ayrı bölgələrdə idman qurğularının tikintisi davam edir. Eyni zamanda, Azərbaycan qitə və dünya miqyaslı turnirlərə ev sahibliyi edir, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədir, idman ölkəsi kimi özünü təsdiq edir.

Şübhəsiz ki, bütün bunlarla yanaşı, idman ölkəsi imicini, ilk növbədə, konkret uğur şərtləndirir. Bu baxımdan Azərbaycan Dünyada idman ölkəsi olduğunu bir daha sübut etdi. Ötən il idmançılarımız medallar əldə edərək tarixi rekorda imza atmışlar. Ümumiyyətlə, idmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələmişlər. Digər tərəfdən, idmanın inkişafını ölkənin ümumi inkişafı şərtləndirir. Ali baş komandan, cənab prezident İlham Əliyev qalibləri, mükafatçıları, onların məşqçilərini və idman mütəxəssislərini qəbul edərkən bildirdiyi kimi, "Azərbaycanın belə uğurları ölkəmizin ümumi inkişafını göstərir. Çünki sirr deyildir ki, ancaq güclü, qüdrətli dövlətlərdə idman uğurla inkişaf edə və idmanda böyük uğurlar ola bilər". Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, cəmiyyətimiz idman sahəsində uğurlara artıq bir növ vərdiş edibdir: "Əvvəlki illərdə hər bir qələbə böyük bir rezonansa səbəb olurdu. Ancaq bu da təbiidir. Çünki qələbələrin sayı artdıqca insanlar buna öyrəşir və elə gəlir ki, bu qələbələri əldə etmək çox asandır. Siz idmançılar və idmanla məşğul olanlar yaxşı bilirsiniz ki, bütün bu nailiyyətlər nə qədər böyük zəhmət hesabına əldə edilir. İdmançılar nəyin bahasına öz dövlətini ləyaqətlə təmsil edirlər, zədələnirlər, xəsarət alırlar, yorulurlar. Bütün bu işlər, necə deyərlər, diqqətdən bir qədər kənarda qalır. Ancaq bunu hamı bilməlidir. Çünki belə mötəbər yarışlarda böyük qələbəni əldə etmək üçün mütləq çox böyük fədakarlıq, peşəkarlıq və Vətənə sevgi lazımdır. Bizim gənclər vətənpərvərlik ruhunda tərbiyə alırlar, Vətənə, xalqa bağlıdırlar. Onların ən böyük mükafatı xalqın sevgisi və qiymətidir".

Digər ölkələrdən qələbə ilə qayıdan gənc idmançılarımız ölkənin idman tarixinə növbəti şanlı səhifələr yazırlar. Eyni zamanda, unutmaq olmaz ki, onlar hələ gəncdirlər, idmana yenicə qədəm qoymuşlar. Bu idman istedadlarını qarşıda bir-birindən mötəbər yarışlar gözləyir. Şübhə etməmək olar ki, gənc idmançılarımız dünyanın ən mötəbər idman tədbirlərində də uğurla çıxış edərək xalqımızı sevindirəcəklər.

Vurğulamaq lazımdır ki, 44 gün davam edən zəfər dolu ikinci Qarabağ müharibəsi və bu müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun qələbəsi Azərbaycan xalqının qarşısında daha böyük perspektivlər açmış və bu gün Qarabağ bölgəsində böyük abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Paralel olaraq Zəfər gününə həsr olunmuş keçirilən idman yarışları ölkəmizin hər yerində böyük razılıq hissi ilə həyata keçirilir. İdmançılar öz nailiyyətlərini Zəfər bayramına töhfə edirlər. Bu gün fəxrlə deyə bilərik ki, gənclərimiz bu idman yarışlarında nəyə qadir olduqlarını nümayiş etdirə bilirlər.

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi