Pizza italyan mətbəxinin ən məşhur yeməyidir. O, eləcə də dünyada milyonlarla insan tərəfindən sevilir. Hazırda bu ləziz neməti bir tək İtaliyada deyil, dünyanın hər bir ölkəsində dadmaq mümkündür. Pizza haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Pizza sözü latın sözü olan “pinsere”dən götürülüb, mənası isə “əzmək” və “üyütmək” deməkdir. Qədim zamanlarda pizza sadəcə mozarella pendiri və pomidordan ibarət olmuş, İtaliyada kasıb əhalinin sevimli yeməyi kimi tanınır. Arpa və arpa suyu ilə əldə etdikləri xəmiri bu 2 məhsul ilə dadlandıran kasıb İtaliya əhalisinin süfrəsində demək olar ki, hər gün rastlaşmaq mümkünmüş. Pizzanın bütün dünya tərəfindən tanınması isə 1889-cu ildə Kraliça Marqaritanın Mozarella pendiri, pomidor və reyhan ilə bəzədilərək hazırlanmış pizzanın dadına baxması ilə bağlıdır. Bu tarixdən sonra pizza yoxsul insanların süfrəsindən çıxaraq saray mətbəxinə daxil olmuş, zənginlər tərəfindən də sevilərək yeyilməyə başlanmışdır. Pizzanı çox bəyənən Kraliça Marqarita hətta onu hazırlayan aşpaza xüsusi təşəkkür məktubu da yazmışdır.
Hazırda sözügedən məktub “Pizzeria Brandi” adı ilə tanınan məşhur restoranın şüşəsinə vurularaq sərgilənməkdədir.
Onu da bilin ki, ilk pizza evi XVIII əsrdə Neapolda açılıb. Çox maraqlıdır ki, “ Antica” adlanan bu məkan hələ də fəaliyyət göstərir.
Pizzanın ən məşhur ərzağı peperonidir. Bu, çox acı və kəskin qoxulu salyami kolbasasıdır.
Dünyada sutkaya 500 milyon pizza yeyilir.
Dünyanın ən böyük pizzası 2016-ci ildə İtaliyanın Neapol şəhərində hazırlanmışdı. “ Ginnesin Rekordlar Kitabı” na daxil olan pizzanın hazırlanması üçün dünyanın
müxtəlif ölkələrindən gəlmiş yüzlərlə aşpaz 11 saat çalışaraq uzunu 1595 metr, eni 40 sm olan pizza bişiriblər. “ Margarita” adlanan bu pizzanın hazırlanmasına 2 ton un, 2 ton mozarella pendiri, 1500 kq tomat sousu, 200 litr yağ və 30 kq reyhan sərf olunmuşdu.
Statistikaya görə Amerikada hər saniyəyə 350 dilim pizza yeyilir.
Qəribə səslənsə də, lakin bu faktdir ki, Amerikanın restoran biznesində ən çox gəlir pizza sahəsindən götürülür.
Dünyanın ən bahalı pizzası isə Aqropoli şəhərində hazırlanmış “XIII Lüdovik” adlı pizza olub. Onun qiyməti 8300 avro təşkil edib. Tərkibi isə xüsusi un və Avstraliyadan gətirilmiş qırmızı duzdan ibarət olub.
Hər il Amerikada 3 milyarddan çox pizza satılır. Bu da adambaşına 46 dilim deməkdir.
Bir bütov pizzada 744 kkal mövcuddur. Bir dilim pendirli pizzanın isə kalorisi 220-370 arasında dəyişməkdədir.
Duço Kreşi adlı bir kosmetoloq pizza qoxusu verən unikal ətir seriyası hazırlayıb. Çox maraqlıdır ki, bu ətiri sevənlər də var imiş.
ABŞ-da 1987-ci ildə qəbul olunmuş qərara əsasən oktyabr ayı dövlət səviyyəsində pizza ayı elan edilib.
Amerikada ən böyük pizza set mərkəzi isə “ Pizza Hut” hesab olunur.
Samirə Tağıyeva, “İki sahil”