17 yanvar 2023 00:43
740

Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi əsas hədəflərdəndir

Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında ölkəmizin neft, qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi

“Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.” Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında Azərbaycanın neft, qaz, elektrik enerjisi ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs etdi. Bu fikri xüsusi qeyd etdi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Günümüzün reallıqlarından biri budur ki, Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, enerji təhlükəsizliyi məsələsi öndə dayanır. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Həmçinin bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyini təmin edir. Cənab İlham Əliyev hədəfləri açıqlayarkən bildirir ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq prioritetdir.

Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırır ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. İnkaredilməz olan bu həqiqət də məlumdur ki, enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün Cənub Qaz Dəhlizindən söhbət belə gedə bilməzdi.

Ümumilikdə son illərdə enerji layihələrinin coğrafiyasının genişləndirilməsi, şaxələndirmə siyasətinin iştirakçı dövlətlərin maraqları baxımından bir daha nəzərdən keçirilməsi, alternativ variantların gündəmə gətirilərək siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması bölgədə və dünya birliyində sabitliyin və əmin-amanlığın möhkəmlənməsinə geniş imkanlar açır. Rəqabət qabiliyyəti baxımından MDB məkanında birinci olan Azərbaycanın iqtisadi uğurlarını təmin edən, regionda sülhün təminatı üçün səylərini artıran neft-qaz amilinin əhəmiyyəti bütün səviyyələrdə xüsusilə vurğulanır. Ölkə Prezidenti bildirir ki, biz öz enerji təhlükəsizliyimizi çoxdan təmin etmişik və bu gün başqa ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolumuzu oynayırıq. Bu rol müsbət roldur. Bunu bizim tərəfdaşlar qiymətləndirirlər. Azərbaycan heç vaxt öz enerji resurslarından başqa məqsədlər üçün istifadə etməmişdir. Bizim bu sahədəki fəlsəfəmiz və yanaşmamız ondan ibarətdir ki, enerji resursları əməkdaşlığı dərinləşdirməlidir, birliyi möhkəmləndirməlidir və əlbəttə ki, biz bu siyasəti apararaq öz milli maraqlarımızı təmin edirik. Bu gün həm bölgədə, həm dünyada bizim maraqlarımız təmin edilir. Dünya əhəmiyyətli enerji layihələrinin reallığa çevrilməsi ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən, iqtisadi artımın sürətinə görə dünya dövlətləri arasında birinciliyini qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə kimi nümünə göstərilir. Enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi dayanır. Enerji siyasətimiz dostluğa və əməkdaşlığa xidmət edir, millətləri, xalqları bir-birinə birləşdirir.

Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi butun layihələrdə xalqımızın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Ölkəmizin iqtisadi və maliyyə imkanlarının artmasının, eyni zamanda, Azərbaycana olan inamın nəticəsidir ki, indiyədək BTC, BTƏ kimi neft-qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropa ölkələrinin enerji təhlükəsizlinin təminatında iştirak edən Azərbaycan daha yeni-yeni layihələr reallaşdırmaqla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu təsdiqləyir. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı dünya miqyasında çox önəmli enerji hasilatçısı kimi ciddi ölkəyə çevirib.

Dövlət başçısı İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində bir daha bu reallığı diqqətə çatdırdı ki, son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu, o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. O da qeyd edildi ki, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.

Prezident İlham Əliyev bu məqama da xüsusi diqqət yönəltdi ki, ənənəvi keçirilən “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparıldı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.

Nəzərə alsaq ki, bugünümüzün əsas hədəflərindən biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır, düşünmək olar ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının bu dəfəki toplantısında bu sahədə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Onu da qeyd edək ki, ötən il Bakı Enerji Həftəsi çərçivəsində Qarabağın tacı Şuşada keçirilən tədbirdə bu sahədə əməkdaşlığa dair bir sıra Memorandum imzalandı.

Bu məqamı da xüsusi qeyd edək ki, dövlət başçısı İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Ölkə Prezidenti Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində bu rəqəmləri də diqqətə çatdırdı ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur: “Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik.”

Bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Bu məqsəd üçün Azərbaycana ixrac marşrutları lazımdır. Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Məqsəd Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda bu əminliyi ifadə etdi ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir: “Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.”

Göründüyü kimi, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün imkanların mövcudluğunu qeyd etməklə yanaşı, səylərini də artırır. Ölkəmizin tezliklə bərpaolunan enerji mərkəzi kimi tanınacağı şübhəsizdir. Əsas olan hədəf və ona nail olmaq üçün birgə səylərin göstərilməsi, yeni tərəfdaşların qazanılması, əməkdaşlıqda etimad mühitinin daha da möhkəmləndirilməsidir.

Yeganə Əliyeva, “İki sahil”