Məlum olduğu kimi, yanvarın 11-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. Yeni Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
“İki sahil” olaraq yeni Qanunla bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.
Əsli Kazımova: Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirdi ki, “Siyasi partiyalar haqqında" yeni Qanun bütövlükdə siyasi sistemin inkişafına müsbət təsir göstərəcək: “Nəzərə alsaq ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi. Bu səbəbdən də ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsini zərurətə çevirmişdi.”
Partiya sədri qeyd etdi ki, qanun layihəsinin hazırlanması zamanı bir sıra benəlxalq sənədlərə və nümunələrə müraciət və istinad olunub. Layihənin hazırlanmasında 24 ölkənin təcrübəsinə baxılıb. Eyni zamanda, siyasi partiyaların iştirakı ilə keçirilən dinləmələrdə və müzakirələrdə də təkliflər öyrənilib. Nəticədə 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif verilib. Milli Məclisdə komitə və plenar iclaslarda isə deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
Ə.Kazımovanın sözlərinə görə, “Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si qanun layihəsində nəzərə alınıb.
Partiya sədri onu da vurğuladı ki, yeni Qanun bir sıra mütərəqqi müddəaları ilə də seçilir: "Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Hesab edirəm ki, yeni Qanun müasir dövrün tələblərinə cavab verir. Sənəd öz mükəmməlliyi ilə siyasi partiyaların fəaliyyətində müsbət rolunu oynayacaq".
Elşad Musayev: Hamımız işlərimizi yeni Qanunun tələblərinə uyğun qurmalıyıq

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə vurğuladı ki, “Siyasi partiyalar haqqında” Qanun siyasi partiyaların fəaliyyətinin yenidən formalaşması anlamına gəlir: “Belə ki, artıq siyasi təşkilatlar yeni üzvlər qəbul etməli, sənədləşməni, təşkilati işləri yeniləməli və müvafiq dövlət orqanlarına təqdim etməlidirlər. Digər işlər cari və perspektiv planlara görə aparılacaq. Ümumiyyətlə, yeni Qanun qəbul olunanadək xeyli müzakirələr getdi, biz də siyasi təşkilatlar olaraq bir sıra təkliflər verdik, qanunun qəbulunda nəzərə alınanlar da oldu. Bütün hallarda artıq yeni qanun qüvvəyə minib, hamımız işlərimizi yeni Qanunun tələblərinə uyğun işlərimizi qurmalıyıq.”
Fuad Əliyev: Artıq yeni reallıqlar mövcuddur

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “İki sahil”ə açıqlamasında qeyd etdi ki, yeni Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq: “Yəqin ki, bundan sonra kiçik partiyalar siyasi arenada qalmayacaqlar. Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Ümumiyyətlə, biz yeni Qanunun daha sərt olmasının tərəfdarı idik. Qanun qəbul olunana qədər müəyyən müzakirələr gedib, müxtəlif təkliflər verilib, mübahisə doğuran bir sıra müddəalar layihədən çıxarılıb. Artıq yeni reallıqlar var və siyasi partiyalar da işlərini də bu reallığa uyğun qurmalı, işlərini indi daha çox məsuliyyətli olmalıdırlar.”
Partiya sədri əlavə etdi ki, yeni nəslin nümayəndələri siyasi proseslərə və siyasi partiyalara cəlb olunmalıdırlar. Bu mənada yeni Qanunla siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq. Artıq partiya olaraq bu istiqamətdə işlərə başlamışıq. Qarşıda bizi bələdiyyə, parlament və prezident seçkiləri gözləyir. Bu seçkilərdə güclü partiyaların iştirakının şahidi olacağıq.
Arzuxan Əlizadə: Qanun bizi fəaliyyətimizi bu sənədə uyğunlaşdırmağa sövq edir

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə vurğuladı ki, “Siyasi partiyalar haqqında”Qanun qəbul edilmədən öncə biz də partiya olaraq təkliflərimizi təqdim etmişdik: “ Eyni zamanda, qanun layihəsi ilkin oxunuşa çıxarılmamışdan əvvəl siyasi partiya rəhbərlərinin iştirakı ilə parlamentdə ictimai dinləmələr keçirildi. Orada da qanun layihəsi ilə bağlı təklif və iradlarımızı irəli sürdük. Xüsusi olaraq qeyd etməliyəm ki, qanunun qəbulu prosesində bizim irəli sürdüyümüz təklif və iradlar da nəzərə alınıb. Artıq qəbul olunmuş Qanun bizi fəaliyyətimizi bu sənədə uyğunlaşdırmağa sövq edir. Bu istiqamətdə artıq tərəfimizdən addımlar atılmağa başlanılıb. Partiyanın rəhbər strukturlarında yeni Qanun müzakirə olunub və ondan irəli gələn bir sıra tələblərin yerinə yetirilməsi üçün tapşırıqlar verilir.”
Ağasif Şakiroğlu: Yeni Qanunun qəbulu qeyri-ciddi siyasi qurumların tarixin arxivinə getməsi ilə nəticələnəcək

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu qəzetimizə açıqlamasında diqqətə çatdırdı ki, “Siyasi partiyalar haqqında” Qanun kifayət qədər dolğundur: “Bu Qanun Azərbaycanda siyasi partiyalar sisteminin inkişafına töhfə vermiş olacaq. Bu sənəd siyasi partiyalar institutunu şaxələndirəcək və inkişaf etdirəcəkdir. Zənnimcə, yeni Qanunun qəbul edilməsi sosial bazası olmayan, bir sədrdən ibarət olan, 1993-cü ildə dövlət qeydiyyatına alınmış, fəaliyyətsiz, perspektivsiz, siyasi partiya adına iddialı olan, qeyri-ciddi siyasi qurumların da tarixin arxivinə getməsi ilə nəticələnəcək.”
Yaqut Ağaşahqızı, “İki sahil”
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram