İsveçrənin Davos şəhəri bu günlər yenidən dünyanın diqqət mərkəzindədir. Belə ki, 2023-cü il yanvarın 16-dan 20-dək bu şəhərdə “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında keçirilən Davos İqtisadi Forumunun (DİF) 53-cü toplantısında bütün bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə əsas müzakirə mövzularıdır. Yeri gəlmişkən, DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin reallaşdırılmasını müzakirə və təşkil etməkdir.
Artıq yanvarın 18-də Dünya İqtisadi Forumunun 53-cü iclasının rəsmi açılış mərasimi olub. Forumun gündəliyinə uyğun olaraq, 2023-cü il üçün “Qlobal Risk Hesabatı” təqdim edilib. Forumda, həmçinin hazırda dünyada baş verən bir sıra hadisələrin, COVID-19 pandemiyasından geriyə qalan təklif zəncirindəki qırılmaların və Ukraynada davam edən müharibənin gətirdiyi sosial-iqtisadi problemlərin qlobal iqtisadiyyata mənfi təsirləri də müzakirə ediləcək. Ekspertlərin bildirdiklərinə görə, Davos İqtisadi Forumunda enerji, iqlim və təbiət üçün yeni sistem kontekstində mövcud enerji və ərzaq böhranlarının həll edilməsi əsas prioritet müzakirə mövzuları olacaq.
Həmçinin Davos İqtisadi Forumun gündəliyinə Dördüncü Sənaye İnqilabı, iqlim dəyişikliyi və geosiyasi bölünmələr şəraitində özəl sektorda innovasiya və dayanıqlılığı artırmaq üçün potensial texnologiyalardan istifadə ətrafında mövzular daxil edilib. Bütün bunlarla yanaşı, qlobal iqtisadi böhran çərçivəsində iş yerlərinin bağlanması, məşğulluğun azalması, real gəlirlərin aşağı düşməsi kimi sosial problemlərin təhsilə, insan kapitalına və səhiyyəyə investisiyaların artırılması ilə aradan qaldırılmasının mümkünlüyü müzakirə mövzusu olacaqdır. Davos İqtisadi Forumunun son gündəliyindəki müzakirə mövzusu qütbləşən qlobal münasibətlərdə mövcud geosiyasi risklərin aradan qaldırılması üçün yeni qlobal sistemin yaradılmasıdır.
Ümumilikdə 130 ölkəni əhatə edən 2700-dən çox dövlət, özəl və vətəndaş cəmiyyəti liderlərinin, 52 dövlət və hökumət başçılarının iştirakı ilə baş tutan DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. O cümlədən bu platformanın qeyd edilən mövzular üzərindən dünya liderlərinin, ekspertlərin cəlb edilməsi ilə təşkili baş verən hadisələrə adaptasiya olunmağa və müsbətə doğru həll yollarının tapılmasına töhfə verəcəkdir.
Ötən 25 ildə Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edib. Prezident İlham Əliyev də dəfələrlə Davos İqtisadi Forumunun toplantılarına qatılıb, burada iştirak edən müxtəlif ölkələrin dövlət və hökumət başçıları, iri şirkətlərin rəhbərləri, beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri ilə danışıqlar aparıb. Ölkəmizin başçısı yanvarın 18-də Forum çərçivəsində “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest, “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşərək dünya iqtisadiyyatının bu nəhəngləri ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Təbii ki, bu gün beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, mühüm regional strateji layihələrin təşəbbüskarı və icraçısı olan, inkişaf, tərəqqi yolunda inamla addımlayan Azərbaycan çağdaş dövrdə bütün bəşəriyyəti narahat edən problemlərin və çağırışların mühüm müzakirə platforması olan Davos İqtisadi Forumu ilə əməkdaşlığını bundan sonra da uğurla davam etdirəcək.
Zahid Rza, “İki sahil”
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram