Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur
Zaman-zaman ermənipərəst mövqe sərgiləyən, bəzi ölkələrə qarşı ikili standartlar nümayiş etdirən, xroniki islamofobiya və türkofobiya xəstəliyinə tutulan, separatizmi təşviq edən Avropa Parlamentinin cari ilin yanvarın 18-də qəbul edilmiş qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlərin yer alması heç də təəccüb doğurmur. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya “blokada”da olması kimi sərsəm iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilib.
Bu, bir gerçəklikdir ki, bu yaxınlarda Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının milyonlarla dollarlıq korrupsiya qalmaqalları ilə gündəmə gələn Avropa Parlamenti irqçi, islamafob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınır. Korrupsiya qalmaqalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol faydalanan Avropa Parlamentinin Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur.
Təbii ki, bütün bunların fonunda ortaya belə bir sual çıxır: Görösən Ermənistanın ərazi bütövlüyündən danışan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü nədən yadına düşmür?
Şübhəsiz, XXI əsrdə Avropanın mərkəzində deputatların Ermənistan-Azərbaycan münasibətlərinə sırf xristian həmrəyliyi prizmasından baxması biabırçı haldır. Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində Avropa Parlamenti yalnız bir-iki qətnaməsinə növbətçi ifadələr daxil etməklə kifayətlənmişdi. İş ondadır ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması Avropa Parlamentinin qətiyyən yadına da düşmür.
Belə yerdə yeni suallar ortaya çıxır: Azərbaycanı “qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağıran Avropa Parlamenti niyə Ermənistanı öz ordusunu Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən geri çəkilməyə çağırmır? Heç Ermənistanın özünün artıq ölü “Madrid prinsipləri”nə istinad etmədiyi halda Avropa Parlamentinin “Madrid prinsipləri”nə istinad etməkdə məqsədi nədir?
Avropalı deputatlar unutmamalıdırlar ki, Ermənistanın Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasından sonra Avropa Parlamentinin belə mövqeyi sülhə zərbə vurur, Ermənistanda revanşistləri ruhlandırır. Bu mənada Avropa Parlamenti ilana zəhər verən kərtənkələ rolunu oynayır. Bu qurum regionda müsbət proseslərin, sülhün deyil, problemlərin tərkib hissəsidir. Avropa Parlamenti belə yanaşma ilə separatçılığı, qanunsuzluğu, ksenofobiyanı təşviq edir.
Hər kəs yaxşı anlamalıdır ki, Avropa Parlamentinin bu qətnaməsi boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları hec vəchlə Azərbaycanın iradəsinə təsir edə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Yaxşı xatırlayırıq ki, vaxtilə həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin zaman bu nəhəng layihənin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini sübut etdi. Bu mənada Avropa Parlamenti öz oturduğu budağı kəsməklə məşğuldur.
Sirr deyil ki, hazırda Azərbaycan Republikasının Prezidentinin Davos Forumunda iştirak etdiyi, uğurlu görüşlər keçirdiyi və bunun hətta Ermənistan mediasında belə etiraf edildiyi bir vaxtda Avropa Parlamentinin Azərbaycanı əsassız yerə hədəf alan bəndlərin olduğu bir qətnaməni qəbul etməsi Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələri korlamağa hesablanıb.
Əlbəttə ki, Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycan kimi müstəqil siyasət yürüdən bir ölkəyə təzyiq vasitəsidir. Ancaq bu qurumda təmsil olunanlar yaddan çıxarmamalıdırlar ki, Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, keçən ilin 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də 17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşmasının imzalanması fonunda Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıq davam edəcək.
Birmənalı demək olar ki, cəmiyyətimiz Avropa Parlamentinin ölkəmizə qarşı təzyiq məqsədilə qəbul olunmuş qərəzli və subyektiv xarakter daşıyan qətnaməsini qəti şəkildə rədd edərək bu sənədi əsl siyasi riyakarlıq nümunəsi kimi qiymətləndirir.
Zahid Rza, “İki sahil”
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir