21 yanvar 2023 20:47
608

Vətən müharibəsindən sonra 282 nəfər azərbaycanlı mina qurbanı olub

Ermənistanın bölgədə “böhran” yarandığı iddiası, BMT-nin, ATƏT və digər beynəlxalq aktorların humanitar müdaxiləsinə çağırış ilə bağlı qeyd edək ki, ərazilərimizi 30 il ərzində işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyən Ermənistanın beynəlxalq təşkilatların müdaxiləsinə çağırış etməsi absurddur. Humanitar vəziyyətə gəldikdə, özlərini erməni sakinlərin liderləri kimi təqdim edən şəxslərin təzyiqi ilə Azərbaycan tərəfindən dəstəkdən və Laçın yolundan istifadədən çəkinən erməni sakinlərin Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə gün ərzində 10-larla nəqliyyat vasitəsi tərəfindən daşınan məhsullarla ehtiyaclarının qarşılanmasını sübut edən faktların danılması qeyri-mümkündür. Bütün bunlar, erməni sakinlərin yaşadığı ərazinin blokadada olmadığını sübut edir”.

 “İki sahil” xəbər verir ki, bunu Ararat Mirzoyanın fikirlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Nazirlik sözçüsü qeyd edib ki, Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların Laçın yolundan daşınaraq ərazilərimizdə yerləşdirilməsinin müsahibə zamanı danılması və guya onların Azərbaycan tərəfindən Ermənistan ərazisindən çıxarılaraq ölkəmizə gətirildiyi arqumentləri elementar hərbi biliklərə və məntiqə sığmır: “Azərbaycan tərəfi 2021-ci il Ermənistan istehsalı minaların mövcud olduğu əraziləri və belə minaların çoxlu sayda nümunələrini Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanına, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə və Rusiya kontingentlərinin rəhbərlərinə, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlərə nümayiş etdirilib. Bu minalara hərbçilər və mütəxəssislər baxış keçirib. Bu faktların danılması qeyri-mümkündür. Son onilliklər ərzində Ermənistan tərəfindən minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların və aidiyyəti beynəlxalq platformalarda Ermənistanın hesabatlarında bu barədə iddiaların yalnız yalandan ibarət olduğu məlumdur. Misal olaraq, Ermənistanın ATƏT yanında Daimi Nümayəndəliyi hələ 2022-ci il oktyabrın 5-də ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxışı zamanı Ermənistanda mina istehsal olunmadığını bəyan etmişdi. İndi isə Ermənistan xarici işlər naziri nəinki Ermənistanda 2021-ci ildə mina istehsal edildiyini, eyni zamanda, əvvəlki təkziblərə baxmayaraq, Azərbaycanın ərazilərində aşkarlanmış sözügedən minaların Ermənistan istehsalı olduğunu təsdiqləyir. Qeyd edilənlərlə yanaşı, müsahibədə Ermənistan tərəfinin yalnız Ermənistan Respublikası ərazisində minalar basdırdığı barədə iddiaları da riyakarlıqdır. Ermənistan işğal dövründə minlərlə kvadratkilometr Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub”.