25 yanvar 2023 02:36
391

İctimai nəqliyyatda qiymət artımı yenidən gündəmə gəlir?

İctimai nəqliyyatda qiymət artımı məsələsi yenidən gündəmə gəlib. Xəbər portallarında yayılan məlumata görə, Bakı şəhərində və ətraf qəsəbələrdə müntəzəm marşrut xətləri üzrə xidmət göstərən daşıyıcı şirkətlər sektorda vəziyyətlə bağlı ölkə başçısına müraciət hazırlayıblar. Müraciətdə  paytaxtda bir tərəfdən avtomobilləşmə və taksilərin sayının kəskin artmasının, digər tərəfdən əhalinin sosial və iqtisadi aktivliyinin azalması səbəbindən sərnişin axınının  kəskin azalmasının ictimai nəqliyyat sektoruna ağır zərbə vurulmasına gətirib çıxardığı qeyd edilib.

Başlayaq elə sonuncu cümlədəki biri-birinə zidd olan iki fikirdən. Əhalinin sosial və iqtisadi aktivliyinin azaldığı şəraitdə avtomobilləşmə və taksilərin sayının kəskin artmasından necə bəhs etmək olar? Ancaq statistik göstəricilər olmadan da, bu bir reallıqdır ki, Bakı şəhərində avtomobilləşmə və taksilərin sayı durmadan artmaqdadır. Bunun da birinci səbəbi sözügedən şirkətlərin fikirlərinin əksi olaraq iqtisadi aktivliyin artmasıdırsa, ikincisi isə ictimai nəqliyyatda xidmətin səviyyəsinin ildən-ilə aşağı düşməsidir.

Görünəni odur ki, daşıyıcı şirkətlər mənfəət əldə etmək naminə xərclərini azaltmağa üstünlük versələr də bu, əks effekt verməkdədir. Onsuz da avtobus parkı əsasən istismar müddətini başa vurmuş nəqliyyat vasitələrindən ibarət olan şirkətlərin onları xətdən ayıraraq bəzi hallarda hətta satışa çıxarmaları vəziyyəti bir az da qəlizləşdirir. Müasir dövrün standartlarından xeyli geri qalan, istismar müddətini başa vurmuş avtobuslarla xidmət müqabilində daha yüksək qiymət tələb etmək arasında heç bir məntiq tapmaq mümkün deyil.  Hələ 2018-ci ildə ictimai nəqliyyatda 50 faizlik qiymət artımı olarkən bunun bu sahədə xidmətin keyfiyyətini artıracağı, özəl daşıyıcı şirkətlərin avtobus parklarını yeniləməyə və genişləndirməyə imkan verəcəyi xüsusi vurğulanırdı.

Həmçinin şirkətlərin ötən il Tarif Şurasına müraciətində vurğulanmışdı ki, parklarında olan təxminən 700-dən artıq avtobus sərnişinlərə xidmət göstərmir. Beləliklə, şirkətlər xəttə buraxmadıqları avtobusları satışa çıxarırlar.

Xətlərə istismar müddətini başa vurmuş nəqliyyat vasitələrini buraxmaları bir yana, saylarını da azaltmaları əhalini alternativlər axtarmağa sövq etməkdədir. Kimisi avtomobil almaqla, kimisi də taksi vasitəsilə. Son illərdə taksi xidməti bazarına xarici şirkətlərin də daxil olması ilə rəqabətin artması isə ictimai nəqliyyatla taksi arasında qiymət fərqini minimuma endirib. Hərçənd ki, bu da özü ilə digər problemləri (tıxac və ekoloji) gətirir.

Ötən il özəl daşıyıcı şirkətlər mövcud tariflərə yenidən baxılması və onlara dövlət dəstəyinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasının sədri, İqtisadiyyat naziri Mikayıl Cabbarova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlamışdılar. Lakin onların müraciətlərinə cavab olaraq bildirilmişdi ki, hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif (qiymət) Şurasında müzakirə olunmur.

Ceyhun Piriyev, “İki sahil”