25 yanvar 2023 00:57
465

Yeni pensiya amnistiyası nələr vəd edir?

Ölkəmizdə həyata keçirilən sosial siyasətə diqqət yetirsək aydın nəzərə çarpar ki, bu proses mərhələli şəkildə təkmilləşib. Xüsusən də son illər Azərbaycanda həyata keçirilən sosial siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu siyasətin əsas keyfiyyət göstəriciləri olan sosial layihələr həm ünvanlılığı, həm əlçatanlığın artırılması, həm də təbii ki, səmərəlilik baxımından diqqət çəkir. Xüsusən son keyfiyyət mərhələsində şəffaflığın artırılması və sosial xidmətlərə əlçatanlığın gücləndirilməsi əsas hədəflərdən biridir.

İstər minimum əməkhaqqı, istərsə də dövlət büdcəsindən maliyyələşən sektorlarda çalışan vətəndaşlarımızın əməkhaqlarındakı artımlar həm də ondan xəbər verir ki, yeni sosial paket kifayət qədər əhatəlidir. Bu paket həm sosial baxımdan daha çox dəstəyə ehtiyacı olan, həm də həssas kateqoriyaya aid vətəndaşlarımızın daha yaxından dəstəklənməsi, eyni zamanda, digər sektorlarda, o cümlədən xüsusən dövlət büdcəsindən maliyyələşən sferalarda çalışanların əməkhaqlarının artırılması fonunda onların sosial təminatının daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Yanvarın 23-də Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliklər artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq. Dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir.

Bəs bu dəyişiklik pensiyaçılara nələr vəd edir?

Yəni, əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci il yanvarın 1-dən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımından vacib addım hesab edilməlidir. Eyni zamanda, əmək pensiyaçısının hər ay geri ödəyəcəyi məbləğ ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz.

Bütövlükdə, əmək pensiyaları üzrə artıq ödənilən vəsaitlərin böyük hissəsi 2020-ci ildən əvvəlki dövrü əhatə etdiyi üçün yeni dəyişikliklər böyük məbləğdə vəsaitin bağışlanmasına və amnistiya edilməsinə imkan verəcək. Yeni dəyişikliklər 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minib. Göründüyü kimi, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

Cavid Əkbərov, “İki sahil”