Amma bu da ona kar etmədi
Artıq iki ildən çoxdur ki, Fransada hökumətə qarşı vaxtaşırı etirazlar, mitinqlər və piketlər keçirilir. Narazı kütlələr xalqın müxtəlif zümrələrini təmsil edirlər. "Sarı jiletlilər", sürücülər, indi də pensiyaçılar... Hətta narazılardan olan bir qadının Prezident Makronun sifətinə şillə vurması və "Rədd olsun Makronçuluq!" deməsi də ona kar etmədi, xalqa qarşı siyasətini davam etdirdi. Artıq Fransa ictimaiyyətinin nümayəndələri və xarici ölkələrin Parisdəki jurnalistləri də dilə gəliblər. Onlar Makron hökumətinin xalqazidd siyasətinin iç üzünü açmaqdadırlar.
"Fransada etirazçılara qarşı polis zorakılığı hökumət əleyhinə keçirilən aksiyalar zamanı daha çox müşahidə olunur".
Bunu Türkiyənin "Anadolu" agentliyinin Paris təmsilçiliyinin əməkdaşı Ümit Dönməz deyib.
O vurğulayıb ki, Fransa polisi aksiyalar məsələsinə ikili standartlarla yanaşır. Belə ki, bu ölkənin asayiş keşikçiləri PKK terror qruplaşması tərəfdarlarının yanvarın 19-da Parisdə keçirdiyi etiraz aksiyası zamanı təxribatların qarşısını almayıb və prosesi kənardan izləyib.
"Mən jurnalistlik fəaliyyətim dövründə çoxlu sayda etiraz aksiyasını izləmişəm. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, Fransa polisi etirazçılara qarşı çox zaman səbir nümayiş etdirmir. Eyni zamanda, nümayişlərə fərqli yanaşmanı da çox görmüşəm. Məsələn, PKK tərəfdarlarının aksiyasında etirazçılar çoxlu sayda təxribatlar törədirdilər. Buna baxmayaraq polis zorakılıq hallarına yol verənlərə qarşı tədbir görmürdü, sadəcə kənardan izləyirdi", - jurnalist vurğulayıb.
Xatırladaq ki, eyni hal ötən il dekabrın 23-24-də keçirilən aksiya zamanı da baş verib. O vaxt Fransanın hüquq-mühafizə orqanlarının rəhbərliyi aksiyanın keçirildiyi əraziyə çox az sayda polis cəlb etmişdi. Ərazidə polislərin sayı az idi. PKK tərəfdarları təxribat əməllərinə əl ataraq təhqiramiz söyüşlər söyür, mağazaların şüşələrini sındırır, güllə atırdılar. Polislər buna müdaxilə etmirdilər. Yalnız yarım saatdan sonra reaksiya verməyə başladılar. Sonda məcbur olub əlavə polis qüvvəsi cəlb etdilər. Bundan sonra vəziyyəti nəzarət altına ala bildilər.
Bir neçə gün əvvəl vətəndaşlar Fransa hökumətinin pensiya islahatına etiraz olaraq aksiya keçiriblər və asayiş keşikçiləri nümayişçilərə qarşı dəyənəkdən istifadə edib. Son nümayişə gəldikdə isə yalnız bir ovuc insan öz etirazını bildirirdi. Buna baxmayaraq, polis hamıya qarşı zor tətbiq etdi. İnsanlar hökumətin təqaüd sistemində dəyişikliklər etməsinə narazılığını bildirirdilər. Fransa polisi səbirsizlik nümayiş etdirərək etirazçılara qarşı zorakılığa əl atdı. Halbuki insanlar öz hüquqlarından istifadə edərək hökumətə təqaüd yaşının artırılmasına qarşı dinc şəkildə etirazlarını bildirmək üçün yığışmışdılar.
Özünü demokratik adlandıran bir ölkədə - Fransada polisin dəyənəkdən istifadə etməsi yolverilməzdir. 2020-ci ildə Makron hökumət rəsmiləri baş verən narazılıqlara görə ökədə nizam-intizam yaradacaqlarına və bunun bir daha baş verməməsi üçün müvafiq tədbirlər görəcəklərinə söz vermişdilər. Lakin bu hallara son qoyulmayıb. Deyilənlər boş söz olaraq qalıb.
Qeyd edək ki, yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel, Lion və daha 250 şəhərdə təşkil olunmuş nümayişlərdə etirazçıların sayı bir milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat işçiləri, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Fransa prezidenti Emmanuel Makron bu çoxsaylı etirazlara baxmayaraq seçkilər zamanı təqdim etdiyi proqramını həyata keçirəcəyini, təqaüd sistemində nəzərdə tutulmuş dəyişiklikləri həyata keçirəcəyini bir daha təsdiq etdi. Unutmayaq ki, Emmanuel Makron prezident seçkilərinin səhərisi vətəndaşların çoxsaylı səslərini toplamasını seçkiqabağı kampaniya zamanı proqramının olmadığını boynuna alaraq, əskinə, ekstremist sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün seçildiyi faktını qəbul etmişdi. Bu gün ölkə prezidentinin seçkiqabağı kampaniyasındakı proqramını hər vasitə ilə həyata keçirməyə çalışması antidemokratik siyasət yürütdüyünü göstərir".
Hazırda Parisdə və iri şəhərlərdə etirazçılara qarşı tətbiq edilən zorakılıq halları ilə bərabər kütləvi həbslər də davam etməkdədir. Rəsmi Paris isə dövlətin borclarını ödəmək üçün vətəndaşların sosial rifahına əl gəzdirməyi planlaşdırıb. Bu tədbirlərdən biri də pensiyayaçıxma həddinin 64 yaşa qaldırılmasıdır. Makron hakimiyyətini məhvərindən çıxarmaqda olan həmin etiraz mitinqləri də bu səbəbdəndir.
Mövzu ilə bağlı fransalı siyasətçi və politoloqlar da təsdiqləyirlər ki, hazırda Fransa rəhbərliyi təcili seçim etməlidir. Xalqın tələblərinin eşidilməməsi Makron hakimiyyətinin sonunu gətirə bilər.
Bütün hallarda hazırkı dövrdə Makronun hakimiyyəti dövründə Fransa özünün ən çətin və narahat günlərini yaşayır. Demokratiya adı altında öz xalqına qarşı antihumanist addımlar atan prezident Emmanuel Makron etdiyi bütün qəddarlıqlarının bədəlini ödəməlidir. Çünki tarixdə hələ öz xalqına qalib gələn bir rəhbər olmayıb. Makron isə tarixə qeyri-ciddi və naşı bir dövlət başçısı kimi düşəcək, ya da düşürəcəklər.
Vəli İlyasov, "İki sahil"