27 yanvar 2023 02:57
379

Vardanyan gah nala vurur, gah da mıxa

Ermənilər və onların havadarları öz günahlarını etiraf etmək əvəzinə ölkəmizə qarşı böhtanlar yağdırmaqla məşğuldurlar. Onlar uydurduqları ağ yalanlara saxta don geyindirib dünya ictimaiyyətini hər vəchlə aldatmağa çalışırlar. Təəssüf ki, bəzən onların məkr və hiylələrinə uyanlar da tapılır. Qeyd etmək lazımdır ki, ermənilər dezinformasiya sahəsində “zəngin təcrübə”yə malikdirlər. Ermənistanın “baş diplomatı” Ararat Mirzoyan bu məsələdə xüsusilə canfəşanlıq edənlər sırasındadır. Belə ki, o, bir müddət öncə gah Nyu-Yorkda, gah da Brüssel və  Vyanada peyda olaraq, Azərbaycanın əleyhinə “tutarlı” faktlar “ortaya qoyub”. O, ABŞ və Belçikadakı uğursuz cəhdlərindən sonra BMT-də də arzuladığına nail ola bilməyib. Bununla da kifayətlənməyən Mirzoyan “sivil”, “demokratik” dövlətin naziri statusunda yenidən “sülhpərvər” cildə girərək vurğulayıb ki, ATƏT-in rəhbərliyi özünün müvafiq qurumları vasitəsilə regionda sülhün bərqərar olunmasına öz töhfəsini verməlidir.

Xatırladaq ki, bir neçə gün öncə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) nümayəndələri Murad Papazyan və Ara Toranyan Fransa prezidenti Emmanuel Makronla görüşmüşdülər. Onlar Ermənistan və Xankəndidəki qondarma rejimin "təhlükəsizlik" məsələlərini müzakirə etməklə Azərbaycana qarşı təxribat xarakterli addımlar atmışdılar. Fransanın daxili işlər naziri Jerald Darmanen CCAF nümayəndələri ilə şam yeməyi edib. O, məclisdə deyib ki, “Ermənistanın əleyhdarları Fransanın əleyhdarları sayılır”. Bu barədə Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot “Twitter” səhifəsində məlumat yayıb.

Separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan da saxtakarlıq və yalan danışmaqda çox səriştəlidir. O bununla kifayətlənməyərək, özünü həm də əsl separatçı kimi aparır. Sosial şəbəkələrdə canlı yayıma çıxaraq davam edən aksiyalar fonunda Qarabağın ermənilər yaşayan hissəsinin blokada şəraitinə düşdüyünü iddia edir. Vardanyan “məzlum” ideologiyasından çıxış edərək guya Xankəndidə 120 min erməni əhalisinin ac-susuz, qazsız qaldığını bildirir. Hətta 30 min uşağın çətin vəziyyətdə olduğunu iddia edir. Əlbəttə, bu iddialar tamamilə gülünc və sərsəmdir. Əvvəla ona görə ki, Xankəndidə heç 30 min erməni yoxdur.   Göründüyü kimi, Vardanyanın “Qarabağ arzuları” tükənməz olduğu qədər, gülünc və qeyri-ciddidir. Qarabağ separatçılarına qoşulan zaman Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, beləliklə də həm özünün varidatını artıracağını, həm də havadarlarının ciblərini dolduracağını düşünən Vardanyanın elə ilk həmlədə oxu daşa dəydi - onun qeyri-qanuni hərəkətləri ifşa edildi. Ekofəalların iştirakı ilə başlanan aksiya isə separatçı “nazirin” əl-qolunu bağlayıb. İndiki məqamda özünü oda-közə vuraraq çıxış yolu axtaran, amma tapmayan Vardanyan bunun nəticəsidir ki, gah nala vurur, gah da mıxa. Elə BBC televiziyasının “Hard Talk” proqramına müsahibəsində olduğu kimi...bundan öncə həmin proqramda qonaq olmuş Serj Sarkisyanın, Nikol Paşinyanın özünü biabır etməsi Vardanyan üçün də bir siqnal idi. Gözlənilənlər elə başına da gəldi - Ruben Vardanyan müsahibə boyunca dəxli olmayan, rabitəsiz, heç bir standarta uyğun gəlməyən “fikirlərlə” yadda qaldı. Cəhd etdiyi manevr imkanları isə olduqca qısır görünürdü. Vardanyan müsahibəsində Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasını utanmadan “blokada” adlandırır. Halbuki, buna qədər o, Ermənistandan Qarabağda yaşayan ermənilər üçün lazımi gündəlik ərzaq məhsullarının, dərman preparatlarının göndərildiyini bildirir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlılarının rahat şəkildə gediş-gəlişindən danışırdı. Bu isə açıq şəkildə özünütəkzibdir. İkinci bir tərəfdən, Vardanyan Laçın yolunda edilən etirazların hansı səbəbdən irəli gəldiyini demir. O bildirir ki, guya min illərdir ki, “burada”, yəni Qarabağda yaşayıblar. Birincisi onun tarix bilgisi də elə siyasət bilgisi qədər kasaddır.

Ermənilərin Qafqaza köçürülməsi, yerləşdirilməsi tarixi XIX əsrə söykənir. İkincisi isə görəsən, Vardanyan “biz” dedikdə özünü də nəzərdə tuturmu? Axı, onu Qarabağla bu və ya digər şəkildə heç nə bağlamır. Ruben nə Qarabağda anadan olmayıb, nə orada gəncliyini yaşamayıb, nə də orada təhsil almayıb. Hətta Birinci Qarabağ müharibəsi dövründə də Vardanyanı Qarabağda “görən” olmayıb. Həmin vaxt o, özünün də dediyi kimi xarici ağalarının xidmətində dayınır - pul yığırdı. Necə ki, indi əmrlə Qarabağa gəlib. Əslində, Qarabağ ermənilərinin Vardanyana qarşı nifrətlərinin də əsasında bu dayanır. Vətən müharibəsindən sonrakı dövrdə onun Qarabağa gəlişi, yenidən müharibə ritorikasını ortaya atması hər kəsdə nifrət hissi oyadıb. Verilişin aparıcısı da bu kimi faktları onun diqqətinə çatdırdı – açıq kontekstdə Qarabağ ermənilərinin arzusunu Vardanyana dedi: “Siz getməlisiniz”...

Göründüyü kimi, Ermənistan və ona havadarlıq edənlər hələ də xam xəyallarından əl çəkmək niyyətində deyil. Bu ölkə bütün mümkün və qeyri-mümkün vasitələrə Azərbaycanı beynəlxalq məhkəmələrə cəlb etməyə cəhdlər edir. Lakin siyasi və hüquqi müstəvilərdəki bu şouların da heç faydası yoxdur.  Eyni zamanda, Azərbaycan bütün dünyaya bəyan edir və kifayət qədər inandırıcı faktlarla göstərir ki, Laçın yolu açıqdır və Azərbaycan bu yolu bağlamayıb və bağlamaq fikrində deyil. Bunu təsdiq etmək üçün heç bir çətinlik də yoxdur. Sadəcə, həqiqətin gözünə dik baxmağı bacarmaq lazımdır.

Sevinc Azadi. “İki sahil”