27 yanvar 2023 02:36
537

Həyatlarını cəhənnəmə çevirən dahilər

Bəzən yaradıcılıq depresiya, şizofreniya, bipolyar pozuntu ilə əlaqəlidir deyirlər. Bəs əgər dahi insanlar bu xəstəliklərin səbəbkarı özləridirsə?

Sergey Yesenin

Məşhur rus şairi Sergey Yesenin spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu, tez-tez təkrarlanan əsəb tutmalarına görə bir neçə dəfə Fransada və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki, müalicə pasiyentə yaxşı təsir göstərməyib. Sergey Yesenin professor Qannuşkinin klinikasından çıxandan bir ay sonra Leninqraddakı “Angleter” mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar edir.

Edqar Allan Po

Məşhur amerikalı yazıçı Edqar Allan Po bütün ömrü boyu bir çox xəstəliklərdən əziyyət çəkirdi. Tez-tez depressiyaya düşən yazıçını, həmçinin hallüsinasiyalar və qaranlıq qorxusu tərk etmirdi. Ruhi nasazlıqlarının çox olmasına baxmayaraq, həkimlər tərəfindən Allanın dəqiq diaqnozu təyin edilməmişdi.

Bundan başqa, o, alkoqoldan çox istifadə edirdi. Bu da ona daha pis təsir göstərirdi. İçkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Üstəlik alkoqolla bərabər tiryəkdəndə istifadə etməyə başladı.

Bu azmış kimi, gənc xanımın ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisi qızı Virciniya ilə evlənmişdi. Nikahdan 7 il sonra Virciniya vərəm xəstəliyinə tutulur, 5 il sonra isə dünyasını dəyişir. Virciniyanın ölümündən sonra Edqar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.

Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilisinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur. Klinikaya yerləşdirilən yazıçı burada qorxunc hallüsinasiyalardan əziyyət çəkərək beş gün sonra dünyasını dəyişir.

Ponun həyatda olan ən böyük qorxusu tənhalıqda ölmək idi və o, çoxlarından son saatlarında onun yanında olacaqlarına dair vədlər alsa da, 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadan vəfat edir.

Gi de Mopassan

Məşhur yazıçı Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o, ağlını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda kəskin əsəb tutmaları və hallüsinasiyalar başlayır. Əsəb tutması vəziyyətində o, iki dəfə intihara cəhd etsə də hər iki cəhdi uğursuz olub. 1891-ci ildə yazıçı doktor Blanşın klinikasına yerləşdirilir və ölümünə qədər orada yarıhuşsuz vəziyyətdə yaşayır.

Virciniya Vulf

Məşhur İngiltərə yazıçısı Virciniya Vulf uzun illər boyu hallüsinasiyalardan və qarabasmalardan əziyyət çəkirdi.

Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anasıda sətəlcəmdən qəflətən dünyasını dəyişir.

Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə çevrilir. Güclü psixi nasazlıq gənc Virciniyanı 1904-cü ildə atasının ölümündən sonra da yaxalayır.

1941-ci ilin əvvəlində Londonun gecə bombardmanı zamanı yazıçının evi dağılır və bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər yazıçının psixiatrik klinikada müalicəsinə təkid edirdilər.

Ərinin həyatının qalan hissəsini onun dəliliyi ilə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci il tarixdə Ous çayında intihar edir.

Fridrix Nitsşe

Alman filosofu “Faşizm ideologiyası”nın yaradıcısı Fridrix Nitsşe şizofreniyadan əziyyət çəkirdi.

Güclü baş ağrıları və qeyri-adekvat davranışlarına görə bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsi ilə öz sidiyini içir, anlaşılmaz səslər çıxarır, xəstəxana gözətçisini Bismarka oxşadırdı. O, qapının arxasında sındırılmış stəkanın qırıqları ilə barrikada qurmağa çalışır, döşəmədə yatır, keçi kimi tullanır, ağız-burnunu əyir və sol çiynini qabağa verirdi. Meqalomaniya (böyüklük iddiası) Nitsşeni rahat buraxmırdı. Onun sözlərinə görə, dünyanın bir nömrəli insanı özü idi, evinin divarlarından asılan şəkillərin çıxarılmasını tələb edirdi və evini bir “məbədə” çevirmişdi.

Həyatının son 20 ilini psixi pozğunluqdan əziyyət çəkərərək keçsə də məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranır. “Zərdüşt belə deyirdi”əsəri onlardan biridir.

Ömrünün 11 ilini məşhur filosof psixiatrik klinikada keçirir. Həyatının sonuna yaxın isə filosof yalnız sadə cümlələr qura bilirdi.

Frans Kafka

Dahi çex yazıçısı Frans Kafka kəskin nevrozdan və onu ömrü boyu tərk etməyən depressiyadan əziyyət çəkirdi. Tez-tez yuxuları pozulan, gündən-günə fobiyaları çoxalan yazıçının apatiya tutmaları baş verirdi. Kafkanın dərin psixoloji problemlərinin kökləri öz başlanğıcını atası ilə olan münaqişələrindən, ailədaxili çətin münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür. Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o, bununla gizlicə məşğul olmalı olurdu. Frans Kafka sanki ikili həyat yaşayırdı və bu daxili mübarizə onun məşhur “Gündəliklər”ində əks olunmuşdu. Onun bütün daxili varlığı qəribə qeyri-sabitlik içində idi və başında qurduğu bir dünyada yaşayan yazıcı hərbi xidmətdən döndüyü zaman intihar etməyi qərara alır. Lakin dostu Maks Brods onu xilas edir. Dostunun sözlərinə görə, Kafkanın psixi vəziyyəti daim dəyişirdi. Yazıçının uzun sürən dərin sakitliyi qəflətən dəyişərək əzablara dönürdü. Üç ay ərzində can verən yazıçı 41 yaşında vərəmdən həyatını itirir.

Samirə Tağıyeva, “İki sahil”