27 yanvar 2023 14:55
359

Avropa və Asiya qitələrini birləşdirməsi ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətləri ilə mövcud əlaqələrimiz daha da dərinləşməkdədir və ölkəmiz önəmli regional mərkəzə çevrilib. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz indiyədək regionda reallaşdırılan bütün irimiqyaslı enerji və nəqliyyat  layihələrinin təşəbbüskarı və moderatoru qismində çıxış edib. Yanvarın 16-20-də İsveçrənin Davos şəhərində 53-cü Dünya İqtisadi Forumunda qlobal məsələlər - iqlim dəyişiklikləri, iqtisadi çağırışlar, ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular müzakirə olundu. Forumda dünyanın 130 ölkəsindən rekord sayda - 2700-dən artıq tanınmış şəxs, eyni zamanda 52 dövlət və hökumət başçısı iştirak edirdi. Rəsmi beynəlxalq təşkilat statusunda və beyin mərkəzi formatında həyata keçirilən mötəbər forum çərçivəsində Prezident İlham Əliyevin görüşləri, eyni zamanda yanvarın 19-da "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında qlobal çağırışlara əsaslanan çıxışı dünya ictimaiyyəti tərəfindən maraqla qarşılandı. Prezident İlham Əliyev bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Ölkəmizin ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm beynəlxalq marşrut keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizdə fəal iştirakçıdır və onların funksionallığının artmasına davamlı töhfələr verir. Müxtəlif regionlardan tranzit məqsədi ilə ölkəmizə gələn yüklərin həcmi isə artır. Son bir ildə respublikamız üzərindən yük daşımaları əhəmiyyətli dərəcədə çoxalıb. Ancaq bu hələ başlanğıcdır. Ölkəmiz daha çox həcmlərdə yüklərin qəbul edilib ötürülməsinə hazır olmalıdır.

Qeyd edək ki, Çin-Qazaxıstan sərhədindən başlayan "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" adı ilə də tanınan Orta dəhliz  Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur. Xüsusilə qeyd etmək lazımdır ki, Tranzit ölkəsi olmaq üçün Azərbaycanda  nəqliyyat infastrukturunun yenidən qurulması, inkişaf etdirilməsi və müasir tələblərə cavab verməsi üçun irimiqyaslı, uğurlu və yaddaqalan layihələr reallaşdırılmışdır. Eyni zamanda, iqtisadiyyatımızın inkişaf etdirilməsi sahəsində də məqsədyönlü və nəhəng işlər görülüb. Azərbaycanı  Qərb qonşuları olan Gürcüstan və Türkiyə ilə, Şərq qonşuları olan Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan  münasibət birləşdirir. Ölkənin əvəzsiz əhəmiyyətə malik dəniz limanlarının və yollarının yaradılması, dəhlizlər diplomatiyası, dəmir yollarının, inkişaf etmiş milli hava limanı şəbəkəsinin yaradılması Azərbaycanın qısa müddət ərzində keçdiyi böyük inkişaf yolundan, əldə etdiyi çoxsaylı və irimiqyaslı uğurlarından xəbər verir. Forum çərçivəsində  Bir daha Azərbaycanın milli maraqlarına, dünya iqtisadi sistemində ölkənin layiqli yerini təmin edilməsinə xidmət edən enerji-nəqliyyat dəhlizlərinin əhəmiyyəti rolunun günü-gündən artması vurğulanıb. Hazırda Azərbaycan 53 gəmi ilə Xəzərdə ən böyük  donanmaya malikdir. Yaxın perspektivdə bu rəqəm də artırılacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yeni gəmilərlə özünün ticarət donanmasını genişləndirmək niyyətindədir. Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması vacib amillərdən biridir və çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizin siyasi, iqtisadi potensialı Azərbaycanın regionda etibarlı tərəfdaş olmasına böyük zəmin yaratmışdır.

Prezident İlham Əliyev yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrut olan Orta Nəqliyyat Dəhlizi layihəsinin təşviqi və yük daşımalarının artırılması üçün "Dəhlizin rəhbər komitəsinin" təsis olunmasını təklif edib. Bu gün Azərbaycanın onillər əvvəl uzaqgörənliklə yaratdığı logistik-kommunikasiya sistemi Avropa və Asiya qitələrini birləşdirməsi ölkəmizə böyük iqtisadi və siyasi uğurlar gətirməkdədir. Tərəflərin hamısı Orta Dəhliz üzrə koordinasiyalı fəaliyyət göstərilməsi, vahid tariflərin tətbiqi, “bir pəncərə” sisteminə keçid edilməsi kimi məsələlərdə oxşar yanaşma ortaya qoyurlar. Beynəlxalq səviyyədə Orta Dəhlizə marağı artırmaqdan ötrü ilk növbədə dəhliz boyunca təhlükəsizlik yüksək səviyyədə təmin olunmalı və qarşılıqlı inam gücləndirilməlidir.  Ayrı-ayrı qitələri, parçalanmış dünyanı birləşdirməyə həyati ehtiyac duyan qlobal Davos Forumunun gündəmində nəzərlərin Orta dəhlizə - Azərbaycana yönəlməsi bir daha təsdiq etdi ki, müstəqil ölkəmizin strateji hədəfləri, geoiqtisadi strategiyası regiona yalnız sülh və inkişaf gətirəcəkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri