27 yanvar 2023 20:48
459

Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror hadisəsini şiddətlə qınayırıq

Yanvarın 27-də Azərbaycan xalqını hiddətləndirən dəhşətli bir hadisə baş vermişdir. İranda ölkəmizin səfirliyində terror olayı törədilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyinin  Səfirliyində  çalışan  mühafizə xidmətinin zabiti, baş leytenant Orxan Əsgərov qətlə yetirilmişdir. Diplomatiya tarixində bəlkə də bu,  ən rəzil bir əməl, görünməmiş vəhşilikdir.

Təbii ki, bir ölkədə başqa bir ölkənin diplomatik korpusunu qorunması, mühafizəsi o dövlətin ən əsas vəzifəsidir. Səfirliyin təhlükəsizlik kameralarının lentə aldığı kadrlardan görünür ki, terrorçu İran rəsmilərinin iddia etdiyi kimi, səfirliyə iki uşaqla gəlməyib. Gəldiyi maşını səfirliyin avtomobilinə çırpır və avtomat silahı atəşə hazır vəziyyətə gətirərək maşından düşür və binaya soxulur. Bu zaman səfirliyin girişində mühafizəni təşkil edən İran hüquq-mühafizə orqanının əməkdaşı onu sakitcə müşahidə edir və öz vəzifəsinin yerinə yetirmir. Belə təəssürat yaranır ki, həmin polis əməkdaşı silahlı hücum haqqında əvvəldən məlumatlı olub.

Bu gün cəmiyyətimiz çox haqlı olaraq İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunmasını, terror aktının hərtərəfli araşdırılmasını, terror hücumunun  sifarişçilərini qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edir.

Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu şiddətlə qınayıb. Paylaşımda deyilir:

“Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Mən bir Azərbaycan vətəndaşı  olaraq, bir yaradıcı şəxs kimi bu qanlı terroru lənətləyir, qatilin layiqincə  və tezliklə , ciddi cəzalandırılmasını tələb edirəm. Bir ailəni məhv edən, iki az yaşlı uşaqları ömürlük ata üzünə valideyn qayğısına həsrət qoyan, bir  gənc ananın həyatını zəhərə döndərən  o qatil  elə İranın  öz qayda-qanunları ilə cəzalandırılmalıdır.

Yeri gəlmişkən, İran İslam Respyblikasının paytaxtında - Tehran şəhərinin düz mərkəzində silahlı basqınçı ilə bacara bilməyən, onu tutub tərk silah etməyən  İran polisi nədənsə Cənubi Azərbaycanda haqlı nümayişçilərlə nə yaxşı divan tutmağı bacarır!

Mən çox minli Yeni Azərbaycan Partiyasının veteranı kimi sülhsevər Azərbaycan xalqına, zabit  Orxan Əsgərovun  ailəsinə, qohumlarına qəlbən sarsıldığımı bildirirəm.Onu da qeyd etməyə lazım bilirəm ki, bu cür terror hadisələri Böyük Azərbaycan xalqını heş vaxt  heç nədən çəkindirməyəcək.

Tahir Məmmədov,
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü,
Siyasi elmlər üzrə fəlsəfə doktoru