28 yanvar 2023 01:15
401

“Demokratik” Fransanın iç üzü: Makrondan etirazlara dəyənəkli cavab

Bu gün dünya mediası özünü hər zaman “demokratiyanın beşiyi” kimi təqdim edib, digər dövlətləri demokratik prinsiplərə riayət etməməkdə ittiham edən Fransada yaşanan qanunazidd hadisələrdən, insan hüquqlarının pozulmasından, polis zorakılığından yazır. Dünyaya demokratiya dərsi keçməyə iddialı olan Fransanın mərkəzində  vətəndaşların dəyənəklə döyülməsindən belə nəticə çıxır ki, söz azadlığı, insan haqları, demokratiya kimi anlayışlar Fransa kimi ölkələrin əlində yalnız başqa dövlətlərə təzyiq etmək üçün vasitədir.

Belə olan halda bir sual ortaya çıxır: Fransa hökuməti yaşanan bu hadisələrin fonunda yenə də öz gözündə tiri görməyib başqasında çöp axtaracaq? Başqa ölkələrin daxili işinə qarışan, demokratiya dərsi keçən, özünü insan haqlarının carçısı kimi aparan Fransa siyasi rəhbərliyi yaxşı olar ki, öz əməllərinə baxıb xəcalət çəksin.

Məlumdur ki, Fransada hökumətin pensiya sistemini yenidən təşkil etmək planlarına etiraz olaraq həmkarlar ittifaqları tərəfindən koordinasiya olunan irimiqyaslı etiraz aksiyaları davam etməkdədir. Yanvarın 19-da Fransa əhalisinin təqaüd sistemindəki dəyişikliklərə etirazlarını bildirmək üçün ölkənin böyük şəhərləri olan Paris, Marsel, Lion və daha 250 şəhərdə təşkil olunmuş nümayişlərdə etirazçıların sayı bir milyon yarımı ötüb. Etiraz aksiyalarında xüsusilə nəqliyyat işçiləri, təhsil işçiləri, enerji sahəsində çalışanlar böyük fəallıq göstərdilər. Makronun ümumxalq etirazlarına səbəb olan pensiya islahatı ötən ildən bəri elektrik enerjisinin kəskin bahalaşmasının, davam etməkdə olan inflyasiyanın kənd təsərrüfatı sahələrinə, özəl biznes sektoruna mənfi təsir göstərməsi fonunda Fransa iqtisadiyyatı üçün ağır bir dövrə düşür.

Aksiyalar zamanı diqqəti çəkən əsas məsələ fransız polisinin etirazçılarla kobud davranışı, daha konkret desək, zorakı metodlarla aksiyanı dağıtmağa cəhd etməsidir. Özünü demokratik ölkə adlandıran Fransa küçələrində polis vətəndaşlara hücum edir, onları dəyənəklə döyür, yerdə vəhşicəsinə sürüməkdən utanmır. Parisin müxtəlif  ərazilərində keçirilən aksiyalar zorakılıqla dağıdılıb. Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Bu zaman etirazçılarla polis arasında toqquşmalar baş verib, nəticədə bir neçə aksiyaçı ağır xəsarət alıb.

Ölkədə keçirilən sorğunun nəticələri də göstərdi ki, Fransa əhalisinin təxminən beşdə üçü pensiya sisteminin yenidən qurulmasına qarşıdır. Xatırladaq ki, bu, Makronun pensiya islahatları ilə bağlı ilk qalmaqallı cəhdi deyil. Belə ki, Makron hökuməti 2020-ci ildə əsasən nəqliyyat sektorunun iflicinə səbəb olan uzunmüddətli tətillərdən sonra pensiya islahatı planını geri götürməli olmuşdu.

Hazırkı pensiya layihəsi də xalq tərəfindən kütləvi etirazla qarşılandığından hökumətin bu dəfə də geri çəkiləcəyi gözləniləndir. Lakin hələlik nə hökumət, nə də həmkarlar ittifaqları razılığa gəlmək barədə düşünür. Hökumət ciddi-cəhdlə tətillərin qarşısını alacağını, işçi təşkilatları isə iddiaları təmin olunana qədər nümayişlərə davam edəcəklərini bildirib. Fransa həmkarlar ittifaqları yanvar ayı boyunca tətil və etirazların davam etdiriləcəyini elan edib. Onlar yanvarın 31-də daha irimiqyaslı aksiyanın keçiriləcəyini bildiriblər.

Ekspertlərin fikrincə, Makron hökuməti yaxın müddət ərzində həmkarlar ittifaqları ilə anlaşa bilməsə, etiraz aksiyaları ümumxalq hərəkatına çevriləcək. Bu da prezident Emmanuel Makronun siyasi aqibətini seçkilərə qədər həll edə bilər.

Özünü demokratiyanın beşiyi kimi dünyaya sırımağa çalışan, insan hüquq və azadlıqlarının qorunmasını ən ali dəyərlər olaraq dövləti üçün əsas şüara çevirməyə hər vəchlə can atan Fransa hökuməti, əslində bütün bu prinsiplərdən nə qədər uzaq olduğunu bir daha nümayiş etdirmiş oldu. Sən demə, insani dəyərlərin, vətəndaş hüquqlarının “müdafiəçisi” olaraq tanınmağa çalışan Fransada vəziyyət heç də dünyaya nümayiş edildiyi kimi deyilmiş.

İndiki halda  öz daxilində etnik qrupların ciddi şəkildə hüquqlarını pozması, onların elementar azadlıqlarını əlindən alması, separatizmə dəstək verməsi həmin dövlətin beynəlxalq imicinə zərbə vurmaqla yanaşı, həm də beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Fransa kimi tarixi bütünlüklə insan hüquqlarının kobud şəkildə pozulması, soyqırımları, müxtəlif etnik faciələrlə zəngin olan bir dövlət Azərbaycan kimi tolerant, çoxkonfessiyalı bir ölkəyə irad bildirməkdə utanmalı, bunu edərkən bir daha dərindən düşünməlidir.

Eyni zamanda, özünü və Azərbaycan tarixini bir daha nəzərdən keçirməlidir. Azərbaycan milli, dini, irqi ayrı-seçkiliyin tətbiq edilmədiyi və cəmiyyətdə, xalq səviyyəsində bu prinsiplərin daim qorunduğu ən yüksək inkişaf etmiş dəyərlərə sahib ölkələrdən biridir. İndiki halda Fransa kimi dövlətlərin Azərbaycana belə məsələlərdə irad bildirməsi onun yalnız məkrli siyasətindən, Qarabağdakı erməni separatçılarını və Ermənistanı alət edərək özlərinin Qafqaz, Orta Şərq maraqlarını həyata keçirməsindən xəbər verir.

Yeri gəlmişkən, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron öz sarayında erməni əsilli terrorçuları qəbul edib, onlarla görüş keçirib. Bu yerdə haqlı sual ortaya çıxır. ASALA terror təşkilatının rəhbəri Ara Toranyan və terrorçu Murad Papazyanın Yelisey sarayında nə işi var? Görünür, Fransa Prezidentinin Azərbaycana qarşı düşmənçilik hissi o qədər güclüdür ki, dünyada qatı terrorçu kimi tanınan quldurlarla görüşür. Fransa bununla bir daha öz həqiqi simasını nümayiş etdirir.

Ermənipərəst Fransanın son bir neçə ayda ortaya qoyduğu mövqe və davranış birmənalı şəkildə beynəlxalq hüquqa ziddir.  Belə ki, öncə Senatın, sonradan isə Milli Assambleyanın qəbul etdiyi “qətnamələr” birtərəfli, qərəzli iftira dolu, ən əsası isə təxribat xarakterli idi. Qeyd edək ki, Fransa hökuməti bu “sənəd” ilə qondarma “artsax respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış etmişdi. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması da təklif olunurdu. Rəsmi Parisin bütün gücünü səfərbər edərək Azərbaycanın üstünə gəlməsi - ermənipərəst düşüncə ilə Azərbaycanı “qınaq obyektinə” çevirmək, hətta hansısa sanksiyalara məruz qoymaq arzuları puç oldu.

Ötən ilin dekabrında isə Fransanın BMT müstəvisində yaşadığı fiasko daha ağır “fəsadlarla” müşayiət edildi - Avropanın “aparıcı” ölkələrindən biri Azərbaycana öz meydançasında məğlub oldu.  Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası ilə əlaqədar olaraq respublikamızın əleyhinə BMT Təhlükəsizlik Şurasında (TŞ) qətnamə qəbul etdirmək istəyən Fransa bu dəfə də rüsvayçılığa uğradı və hazırladığı riyakar mətni geri götürməyə məcbur oldu. Beləliklə, bu,  BMT Təhlükəsizlik Şurasında Azərbaycanın parlaq diplomatik qələbəsi, Fransanın isə növbəti siyasi biabırçılığı oldu.

Bu kimi dərslər Fransanı fakt qarşısında qoyur. Ölkəmizin yürütdüyü  siyasət Azərbaycanın siyasi imicinin yüksəlməsinə, beynəlxalq arenada dostlarının artmasına yol açır. Bu, həm də ermənipərəst dairələrin və Fransanın timsalında dövlətlərin ölkəmizə qarşı oynamağa çalışdıqları çirkin oyunların qarşısını alır, onların fiaskosunu reallaşdırır. Beləliklə də, haqq öz yerini tapır.

Bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin təmin edilməsinə mane olmağa qarışan Emmanuel Makronun  Ermənistanı dəstəkləməyə, eyni zamanda, Avropa Parlamenti kimi qurumları Azərbaycan əleyhinə  qızışdırmağa başı o qədər qarışıb ki,  ölkəsindəki vəziyyəti unudub, vətəndaşlarının nə istədiyini eşitmək fikrində belə deyil. Daxildə sabitliyi, əmin-amanlığı, vətəndaş məmnunluğunu təmin edə bilməyən bir ölkənin rəhbərinin  digər ölkələrin daxili işinə müdaxiləni özünə bir prinsip kimi qəbul etməsi gülüş və təəccüb doğurur.

Yaxşı olar ki, Fransa Azərbaycan daxilində separatizmə dəstək vermək, Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün möhkəmlənməsinə zərbə vurmaq əvəzinə öz daxilindəki proseslərə bir daha diqqət yetirsin.

Yaqut Ağaşahqızı, “İki sahil”