Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir
2023-cü il yanvarın 26-da Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunu təsdiqləyib.
5 fəsil, 15 maddədən ibarət olan qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək. Bu qanun mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.
Qanunda istifadə olunan əsas anlayışlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericilik, dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri, sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin şərtləri, dəstəyin formaları, göstərilməsi qaydası və qiymətləndirilməsi ilə bağlı maddələr təsbit olunub. Habelə burada dövlət maliyyə, məsləhət və informasiya dəstəyi, subyektlərin innovasiya, məhsul istehsalı və xidmət sahəsində dəstəklənməsi və digər məsələlərlə bağlı maddələr də təsbit olunub.
Qanuna əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Həmçinin 2023-cü il yanvarın 26-da Prezident İlham Əliyevin “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” yeni Fərmanına əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-nə qədər sahibkarların banklardan manatla aldığı kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fondla birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.
Buna qədər kreditlərin alınması müddəti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-nə qədərki, hesablanmış faizlərə görə subsidiyaların verilməsi müddəti isə 2019-2025-ci illəri əhatə edirdi.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yanvarın 24-də keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb. Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Dünyada mürəkkəb iqtisadi proseslərin hökm sürdüyü hazırkı şəraitdə ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı imzaladığı sənədlər mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının qeyd etdiyi kimi, sahibkarlığın inkişafı Azərbaycanın ümumi tərəqqisinin əsas şərtidir. Ona görə də iş adamlarına maksimum sərbəstlik verilir. İmzalanan Fərman və sərəncamlar sahibkarlığın inkişafında qarşıya çıxan maneələrin aradan qaldırılması, onların sərbəst şəraitdə işləmələri və biznes mühitinin daha da yaxşılaşması məqsədi daşıyır.
Cavid Əkbərov, “İki sahil”
Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə görə Azərbaycana təşəkkür edib
Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr noyabrda Bakıda keçiriləcək