28 yanvar 2023 08:37
538

Monteneqro XİN Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının öldürülməsi ilə bağlı başsağlığı verib

Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyərək, diplomatik nümayəndəliklərə qarşı zorakılığın qəbuledilməz olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, Monteneqro Xarici İşlər Nazirliyinin tvitter hesabında yaydığı bəyanatda deyilir: “Monteneqronun Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı veririk”.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.