28 yanvar 2023 11:17
657

Azərbaycanın strateji hədəfləri sülh və iqtisadi inkişafın təmin olunmasıdır

Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri, ölkəmizin dünya dövlətləri arasında tutduğu yüksək mövqe, 44 günlük Vətən müharibəsində qazanılan qalib dövlət statusu beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Heç şübhəsiz, ölkəmizin həm region və həm də beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq və fayda mərkəzinə çevirilməsi də məhz dövlət başçımızın apardığı daxili və xarici siyasətin nəticəsidir. Ölkəmizin beynəlxalq ticarət yollarının kəsişdiyi logistika mərkəzinə çevrilməsi, təkcə respublikamız üçün deyil, bütün region üçün böyük əhəmiyyətə malik dəniz limanının, müasir beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yüksək standartlara malik yolların çəkilməsi Azərbaycanın qısa zaman kəsiyində keçdiyi böyük inkişaf yolundan, əldə olunan uğurlardan xəbər verir.
Təsadüfi deyil ki, 16-20 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən və iqtisadi çağırışlar, dünyada ərzaq qıtlığı kimi qlobal məsələlər müzakirə olunan 53-cü Dünya İqtisadi Forumunda müzakirə olunan məsələlərlə bağlı Prezident İlham Əliyevin forum çərçivəsində çıxışları forum iştirakçıları və beynəlxalq media mərkəzləri tərəfindən maraqla qarşılandı. Prezident İlham Əliyevin cari ilin 19 yanvar tarixində keçirilən "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında olan çıxışını xüsusi olaraq qeyd etmək lazımdır. 

Çıxışında Azərbaycanın milli maraqlarına, dünya iqtisadi sistemində ölkəmizin layiqli yerinin təmin edilməsinə xidmət edən enerji-nəqliyyat dəhlizlərinin əhəmiyyətinin gündən-günə artdığını vurğulayan Prezident İlham Əliyev yeni regional konfiqurasiyanı yaratmaq təşəbbüsünə qlobal dəstək verilməsinə diqqət çəkdi, Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün gərgin çalışan Azərbaycanda yaradılmış yeni, qeyd etdiyimiz infrastruktur obyektlərinin Çin-Qazaxıstan sərhəddindən başlayaraq Mərkəzi Asiya ölkələri və Xəzər dənizindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta dəhliz üzərindən daha çox yük qəbul etməyə hazır olduğunu vurğuladı. 

Bərpaolunan enerji sektorunda yüksək potensiala malik olan Azərbaycanın quruda 27 qiqavatlıq külək və günəş enerjisi, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanının mövcudluğunu nəzərə alsaq yaşıl enerji sektorundan əldə olunmuş elektrik enerjisinin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyini əminliklə söyləmək olar. Yeri gəlmişkən keçən ilin dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” imzalanmış Saziş bu baxımdan təqdirəlayiqdir. 

Həm yükdaşımaları, həm də yaşıl enerjinin əldə olunmasına milli iqtisadi prioritet səviyyəsində diqqət ayrılması, Vətən müharibəsindən sonra regionda qalıcı sülhə nail olmaq üçün beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin təklifi ilə çıxış edən Azərbaycana qlobal Davos Forumunun gündəmində nəzərlərin yönəlməsi respublikamızın strateji hədəflərinin sülh və iqtisadi inkişafın təmin olunması olduğunu bir daha gözlər önünə sərdi.

Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri