28 yanvar 2023 16:33
272

Tacikistanın XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb

Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətininin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

C.Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.